Səfərbərlik Xidmətinin 9 əməkdaşının işinə xitam verildi

media-hightechnic-468x90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən məlumat verilib.

 

Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilmişdir.

Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.09.2023-cü il tarixli, 2317 nömrəli Fərmanının icrası çərçivəsində, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.

Bununla yanaşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya [email protected] poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa