Macarıstan ənənəvi Azərbaycan məhsullarının Avropada satışına imkan yarada bilər. Bunu Trend-ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.
Səfir bildirib ki, Macarıstan Avropa İttifaqı bazarlarına çıxmaq üçün Azərbaycan biznesinə kömək edə bilər: “Məhz müəssisələrin yaradılması üçün imkanlar, həmçinin ənənəvi Azərbaycan məhsullarının satışı üçün bazar təqdim edə bilər”.
Diplomat vurğulayıb ki, Macarıstan Azərbaycana nəqliyyat, şəhərsalma, enerji təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahələrində, eləcə də qida sənayesində yeni texnologiyalar və hazır həllər təklif edir:
“Bu yaxınlarda Azərbaycanın Xızı rayonunda birgə kənd təsərrüfatı layihəsinin reallaşdırılmasına başladıq. Burada Macarıstanın İxrac-İdxal Bankının maliyyə dəstəyi ilə müasir istixana kompleksi tikəcəyik”.
V.Sederkenyi deyib ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda əsas xarici ticarət tərəfdaşıdır: “Bununla belə, qarşılıqlı əmtəə dövriyyəsinin cari səviyyəsi nə iqtisadi əməkdaşlığımızın potensialını, nə də ikitərəfli siyasi münasibətlərimizin strateji və dostluq xarakterini əks etdirir”.
O əlavə edib ki, 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2016-cı illə müqayisədə 8 faiz artaraq 47 milyon dollar təşkil edib:
“2018-ci ilin ilk 8 ayında müsbət tendensiyalar davam edib: Macarıstan məhsullarının ixracı Azərbaycana 34 faiz artaraq 42 milyon dollara çatıb. Macarıstandan Azərbaycana əsasən əczaçılıq preparatları, “Hell” energetik içkiləri, aqrar texnologiyalar, maşın və avadanlıqlar, qida məhsulları ixrac olunur”./Trend/
www.yenicag.az