“Şəhid ailələrinə lazımi qayğını göstəririkmi?” – Hikmət Elp
20 yanvar faciəsi İstanbulda yad olunub. Halkalı Azərbaycan Məktəbinin şagirdləri 25-ci ilində şəhidlərimizi hazırladıqları proqramla qeyd ediblər.
Bu barədə İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp məlumat verib. Dərnək başqanının sözlərinə görə, şagirdlərin şəhidlərimizi anma tədbirində duyğulu anlar yaşanıb: “O dövrü yaşamasalar belə, o qədər ürəklə həmin səhnələr gerçəkləşdirilirdi ki, təsirlənməmək mümkün deyildi. Belə bir tədbir keçirdiyi üçün məktəb rəhbərliyinə təşəkkür edirik”.
20 yanvarla bağlı fikirlərini Yenicag.az-la bölüşən Hikmət Elp qeyd edib ki, “bu gün 25-ci ildönümünü yaşamaqda olduğumuz 20 yanvar Qələbə günüdür. Hər zəfərin bir bədəli olduğuna görə, bu zəfərində bədəli o şəhidlərin ruhu və qazilərimizdir. Canlarını fəda etdilər. Kimisi şəhidlik mərtəbəsinə çatarkən, kimisi də həyatını fiziki olaraq, yarım yaşamağa məhkum oldu. Yurd uğrunda döyüşdə yaralanan və həyatda qalanlara da qazi deyirik. Əlbəttə, vətənin müqəddəsliyinə kimsənin sözü ola bilməz. Vətən, şəhidlərimizin və qazilərimizin çiyinləri üzərində ucaldığı üçün müqəddəsdir”.
Dərnək başqanı şəhidlərlə bağlı daha sonra bunları dedi:“Dövlətlərimiz, şəhidlərimizin bizə əmanət etdiklərinə və qazilərimizə lazım olan dəyəri verirmi? Olması lazım olan, onları başımızın üzərində tutmaqdır. Bunu görən hər kəs geridə qalanları ilə əlaqədar tərəddüd etməz sabah vətən borcu ilə üz-üzə qaldığı zaman. Əslində, bunun ciddi bir şəkildə araşdırılmasının lazım olduğuna inanıram. Cəmiyyət olaraq, varlığını bizlərin varlığı uğrunda ortaya qoyanlara yenidən can vermək kimi bir şansımız yoxdur. İnancımıza görə, onlar şəhidlik mərtəbəsinə çataraq, cənnətlik mövqesinə çatmışlar, ruhları şad olsun. Ancaq unudulmamalıdır ki onlar, geridə qalanlarının da rahat və dinc bir həyat içində olması halında hüzura qovuşacaqlar. Millət və dövlət olaraq, vətən uğrunda şəhid olanların ruhlarına qarşı laqeyd olmamalıyıq”.
Sevər/Yenicag.az