Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəməni alması üçün notariat kontoruna təqdim etməli olduğu sənədlərin siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvləri, yəni vərəsələri notariat kontoruna hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı, birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə (Ərizə forması notariat orqanından əldə edilir), bank hesabı nömrəsinə dair arayış (Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır) və bank hesabı nömrəsinə dair arayış təqdim etməlidir.
Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.
Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.
Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.
Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxiloma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir.
Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.
Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.
Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
www.yenicag.az