Bildiyimiz kimi, İranda seçilən yeni prezident Məsud Pezeşkian yumşaq siyasəti ilə digərlərindən fərqlənir. Əsas hədəflərindən biri də ABŞ ilə münasibətlərin tənzimlənməsi ilə iqtisadiyyatın dirçəldilməsidir. ABŞ-də isə noyabr ayında prezident seçkiləri keçiriləcək və keçmiş prezident Donal Trampın şansı çoxdur. Maraqlı sual yaranır ki, ABŞ və İran arasında münasibətlər bundan sonra necə tənzimlənəcək?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ-İran münasibətləri tənzimlənən xarakter daşıyır.
“Tərəflər özlərinə lazım olduğu halda, əlaqələri istədikləri istiqamətdə idarə edə bilir. Yəni geosiyasi amillər nəzərə alınaraq münasibətlər ya gərginləşdirilir, ya da yumşaldılır. Sözügedən dövlətlər arasında qarşıdurma, gərginlik, hətta düşmənçiliyin olması manipulyasiyadan başqa bir şey deyil. Səhnə arxasında cərəyan edən maraqlar və məsləhətləşmələr mövcuddur. Bu mənada, yaxın perspektiv üçün ABŞ-İran münasibətlərində ciddi dəyişikliyin olacağı gözlənilmir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az