Belə izləyən deyiləm, maraq xatirinə telekanalda nümayiş olunan “ər-arvad dığdığından” bəhs edən, heç bir maarifləndirici məzmuna malik olmayan verilişlərdən birinə baxıram.
Ərindən boşanan, bildiyim qədər, heç bir teatrda işləməyən, bütün gününü sosial verilişlərdə kresloya yayxanıb, vaxtını “öldürməklə” keçirən aktrisalardan biri ailəsi puç olan gənc bir xanımın üstünə düşüb.
Az qala, qızın gözünü çıxarmağa hazır olan bu aktrisaya imkan verən olsa, elə öz təbirincə desəm, qızı elə studiyada saçlayar. Deməli, bu qadının işi-peşəsi bütün günü verilişlərdə ancaq namus, əxlaq dərsi keçmək, boşanan qadınları topa tutmaq, fürsət düşdükcə də özünü “süddən çıxmış ağ qaşıq” kimi göstərməkdən ibarətdir.
Kəndlərdən aldadılaraq paytaxta gətirilib, reytinq xatirinə efirə çıxarılan o binəva, fağır qız da bunu tanımadığından, ağzına su alıb durur. Deyə bilmir ki, ay xanım, ay özünə aktrisa deyən adam, hələ bir şəxsi həyatına çəki-düzən ver, sayı-hesabı bilinməyən eşq hekayələrinə nəzər sal, sonra başqasına öyüd-nəsihət edərsən.
Digərlərini uşaqlarını atasından ayırmaqda, dözümsüzlük göstərib boşanmaqda, azad yaşamaq həvəsi ilə alışıb-yanmaqda ittiham edirsən. Arada dön bir öz keçmişinə də tamaşa elə. Gör sən hansı ağacları budaq-budaq gəzmisən. Belə yerdə deyiblər e, öz gözündə tiri görmür, başqalarının gözündə tir axtarır.
Sən kimsən axı söz demək haqqın olmayanları düzgün həyat tərzi keçirməməkdə ittiham edirsən, “niyə boşandın, niyə uşaqlarını atdın, niyə başqasını sevdin” kimi suallarla onun şəxsi həyatına burun soxursan? Bu azmış kimi, milyonların qarşısında kiminsə üstünə hücum çəkirsən, əl qaldırırsan, döyməyə cəhd göstərirsən? Sənə bu səlahiyyəti kim verib axı, de, biz də bilək.
Belə sosial verilişlərdə artistliyi yaxşı bacarırsan, amma heyf ki, səhnədə, çəkiliş meydançasında mükəmməl aktrisa ola bilmirsən. Elə ona görə də səhnədə yeriniz yoxdur. Vaxtilə sənət adamları çəkildiyi filmlərdəki obrazları, səhnədə yaratdığı rolları ilə tanınırdı, sevilirdi. Hansısa filmdə, tamaşada məharətlə canlandırdığı obraza görə bir gecənin içində məşhur olurdu.
Amma indi təəssüflər olsun ki, özlərini sənətə “calaq” etməyə çalışan bəzi aktrisa və aktyorlarımız yaratdıqları obrazlarla deyil, sosial verilişlərdə carəsiz, sahibsiz, binəva insanların üstünə hücum çəkməklə, onu-bunu ittiham etməklə məşhurlaşır. Necə deyərlər, öz peşəsində sinifdə qalanlar, efirlərdə “Dədə Qorqud”luq edirlər.
Hansı haqla? Bax, bu suala da onları yuxarı başa keçirənlər cavab versin…
Cəvahir
www.yenicag.az