!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkər tozunun “yoxa çıxmasının” səbəbləri: Qiyməti yenidən qalxacaq?

!Reklam – Yazi

Son günlər marketlərdə şəkər tozu tapmaqda çətinlik çəkilir. Alıcıların iddiasına görə, şəkər tozu almaq üçün mağazalara üz tutduqda, boş rəflərlə qarşılaşırlar.

Yenicag.az xəbər verir ki, bəzi bölgələrdə də marketlərdə çəki ilə satılan şəkər tozu tapılmır. Bununla əlaqədar sakinlər sosial şəbəkələrdə tez-tez gileylənirlər. Bəs görəsən, bu qıtlıq nə ilə əlaqədardır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, şəkər tozu qıtlığının əsas səbəbi idxaldan asılılıqdır:

“Bir çox ərzaq məhsullarında olduğu kimi şəkər tozunda da idxaldan ciddi asılılığımız var. Hətta yerli məhsul adı altında bazarda olan şəkər tozu məhsullarının içinin xammalı xaricdən gətirilib sadəcə burada qablaşdırılırdı. İndi şəkər tozunun alımında müəyyən problemlər yaşanır, əsas problem də Ukrayna ilə bağlıdır. Bizə müharibədən əvvəl şəkər tozu daha çox Ukraynadan gəlirdi. Ona görə də İmişlidə şəkər zavodu olmasına baxmayaraq, orada xammal probleminə görə yerli istehsalımız çox azdır, yetərli deyil.

Bunun üzərinə, mövsümlə əlaqəli şəkər tozuna tələbatın artmasını da gəldikdə qıtlıq yaranır. Çünki yay aylarında, meyvə mövsümündə Azərbaycan əhalisi müxtəlif mürəbbələr, kompotlar hazırlayır, ona görə tələbat artıb. Üstəgəl, ölkəyə idxalda da problem var deyə həm əlçatanlıq azalıb, həm də qiymətlər artıb. Belə olan halda, xüsusən regionlarda şəkər tozu “yoxa çıxır”. Səbəb isə bayaq dediyim kimi, yerli istehsalın olmamasıdır. İmişlidə şəkər zavodu açılarkən belə bir təsəvvür var idi ki, bu zavod yerli tələbatı böyük ölçüdə qarşılayacaq, amma bu, belə olmadı, çünki xammalı yoxdur, şəkər çuğunduru istehsalı çox azdır. Şəkər çuğunduru Braziliyadan və digər ölkələrdən gətirilirdi ki, şəkər tozu istehsal olunsun, lakin bu da logistik xətlərə görə problemə çevrilib. Hər şey idxaldan asılılığın nəticəsidir”.

Onun sözlərinə görə, qıtlıq davam edərsə, bu, şəkər tozunun qiymətinin daha da artmasına səbəb olacaq:

“Əlbəttə ki, bu qıtlıq qiymətə də təsir edəcək. Azərbaycanda dünyanın bir çox ölkəsində olduğu kimi tələb və təklif qanunları işləyir. Yəni tələb artıq olanda, təklif azalanda bu, birbaşa qiymətə təsir göstərir. Bu, dövlət tərəfindən tənzimlənməyən qiymət növüdür. Əgər qıtlıq artacaqsa, bazarda çatışmazlıq yüksələcəksə, bunun nəticəsi olaraq qiymətin artmasının da şahidi olacağıq”.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv