“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın sudan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Oxu.Az”a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:
“Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq”.
***
15:23
Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, zəhərlənmə əlaməti ilə 38-i uşaq olmaqla 58 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub.
TƏBİB-dən bildirilib ki, 58 nəfərin qarpızdan zəhərləndiyi ehtimal olunur. Onların hər biri müayinə olunub və ambulator müalicə üçün evə buraxılıb.
Əhali isə zəhərlənmənin sudan baş verə biləcəyini ehtimal edir. “Azərsu” ASC hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
www.yenicag.az