Səkidə maşın saxlayanların nəzərinə
Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar.
Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur.
Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir.
Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.
Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.