Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Semaşko”dan Çinə uzanan şərəfli yol: Yaşar Əliyev - 70

Möhkəm əqidəli, vətənpərvər şəxsiyyət, Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan. Bu ifadələr Yaşar Tofiqi Əliyevin həyat və fəaliyyətini səciyyələndirir. Yaşar Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərinin, dövlətçiliyin inkişafına mühüm töhfələr verən fəaliyyətinin başlıca ştrixlərini daha aydın təsvir etmək üçün bir sıra nüanslara xüsusi diqqət yetirmək lazımdır.

1948-ci ildə Bakı şəhərində anadan olan, 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olan və 1971-ci ildə oranı bitirərək həkim ixtisasına yiyələnən Yaşar Əliyev əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində başlayıb. Gənc yaşından ictimai-siyasi sahədə fəal iştirak edən Yaşar Əliyev partiya və komsomol işində aktivlik nümayiş etdirərək müxtəlif tədbirlərdə uğurla təmsil olunub. Bunun nəticəsi kimi, Yaşar Əliyev 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Bu, yüksək prinsipiallığa və vətənpərvərlik hissinə malik olan Yaşar Əliyevin ictimai-siyasi işlərdə fəal təmsil olunduğunu ifadə edən mühüm faktlardan biridir.

YAŞAR ƏLİYEV 13 İL ƏRZİNDƏ 2500-DƏN ÇOX PERSONALIN TƏMSİL OLUNDUĞU SEMAŞKO ADINA BAKI ŞƏHƏRİ 1 NÖMRƏLİ XƏSTƏXANAYA UĞURLA RƏHBƏRLİK EDİB

Yaşar Əliyevin əmək fəaliyyətinin çox mühüm mərhələlərindən birini onun 13 il ərzində Semaşko adına Baki şəhəri 1 nömrəli xəstəxanaya uğurla rəhbərlik etməsi ilə bağlıdır. O, 1982-ci ilin dekabr ayına kimi həkim, sonra baş həkimin müavini və 1984-cü ilin mart ayından xəstəxananın baş həkimi işləyib. O zaman ölkəmizdə ən böyük tibb müəssisəsinin baş həkimi olan və 2500 nəfərdən artıq personalın təmsil olunduğu böyük bir kollektivə uğurla rəhbərlik edən Yaşar Əliyev bu müddət ərzində səhiyyə sahəsində innovasiyaların tətbiqi və elmi təcrübə mübadiləsi sahəsində mühüm xidmətlər göstərib. Onun rəhbərliyi dövründə xəstələrin müayinəsi və müalicəsi sahəsində mühüm irəliləyişlər qeydə alınıb, yeni korpuslar və laboratoriyalar istifadəyə verilib, bəhs olunan tibb müəssisəsinin işi xeyli dərəcədə təkmilləşib. Bu dövrdə çoxsaylı elmi müdafiələr və təcrübələr də həyata keçirilib.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN FƏAL MÜDAFİƏÇİSİ

Mühüm məqamlardan biri budur ki, Sovet imperiyası tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsi zamanı gülləbaran edilmiş – xəsarət almış və dünyasını dəyişmiş insanlar Semaşko adına Bakı şəhəri 1 nömrəli xəstəxanaya gətirilmiş və bütün bunlar sənədləşdirilərək deputat-istintaq komissiyasına və Respublika Prokurorluğuna təqdim edilmiş, o cümlədən bir çox ölkələrin səfirliklərinə göndərilmişdi.

Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Yaşar Əliyevi cəmiyyətə daha yaxşı tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində vətənpərvər bir ziyalı kimi Azərbaycanın qarşılaşdığı problemlərə görə narahatlıq keçirməsi və ölkəmizin xaosdan, anarxiyadan qurtulmaq üçün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizədə yer alması idi. O da digər vətənpərvər insanlar kimi həmin dövrdə ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü.

Məlumdur ki, həmin dövrdə hakimiyyətdə olan rəhbərlərin yarıtmaz və antimilli siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi, tənəzzülün məngənəsində idi, eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğalı davam edirdi. Belə bir mürəkkəb və çətin şəraitdə yeganə çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Yaşar Əliyev belə bir situasiyada əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək Ulu öndərin ölkəni xilas etməsinin zəruriliyini qeyd edir, bu istiqamətdə fədakar və mübariz yanaşma ortaya qoyurdu. Hələ Heydər Əliyev Naxçıvan MR-da olarkən Heydər Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü kimi Yaşar Əliyev fədakarlıq nümayiş etdirərək dəfələrlə muxtar respublikaya səfər etmiş, Onunla görüşərək mənəvi dəstəyini ifadə etmiş, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin xalqın tələbi olduğunu ifadə etmişdi. Yaşar Əliyev Heydər Əliyevə və Onu dəstəkləyənlərə qarşı təzyiqlərin olduğu bir dönəmdə parlamentdə də Ulu öndərin fəal müdafiəçisi kimi çıxış edirdi. O, 1992-ci ilin mayın 18-də AXC-“Müsavat” cütlüyünün hakimiyyəti qəsb etməsi, qeyri-qanuni yolla və parlamentə təzyiq göstərilməsi metodu ilə İsa Qəmbərin Milli Məclisə sədr seçilməsi ilə bağlı çıxış edərək öncə ölkədəki vəziyyətin müzakirə edilərək müvafiq qiymətləndirilməsini, bundan sonra parlament sədrinin seçilməsini tələb etmiş və parlament sədri postuna ən layiqli namizədin məhz təcrübəli dövlət xadimi, dünya siyasətini dərindən bilən Heydər Əliyev olduğunu cəsarətlə vurğulamışdır. Parlamentdə Ulu öndər Heydər Əliyevə qarşı kampaniya aparılarkən Yaşar Əliyev Ümummilli liderin azsaylı müdafiəçilərindən biri idi. Bu dövrdə parlamentdə təmsil olunan 360 deputatdan, hansı ki, onların böyük əksəriyyəti Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə dövlət və hökumət strukturlarında vəzifəyə, rayon rəhbərliyinə irəli çəkilmişdi,- yalnız bir neçəsi bu təşəbbüsü dəstəkləmişdi və Yaşar Əliyev də bu sırada yer alırdı. AXC-“Müsavat” hakimiyyətinin “parlament çevrilişi” olaraq 360 deputatın səlahiyyətlərinin 50 nəfərdən ibarət deputata verilməsi ilə yaradılmış Milli Şura əslində qətiyyən milli iradəni ifadə etmirdi. Lakin xalqın nəzərində öz legitimliyini tam itirməmək üçün onun sıralarında obyektivliyi və peşəkarlığı cəmiyyətdə şübhə doğurmayan Yaşar Əliyev kimi ziyalılarında təmsil olunmasına imkan verilmişdir. Həmin vaxt AXC-“Müsavat” hakimiyyəti, xüsusilə parlamentin o dövrdəki rəhbərliyi Ulu öndər Heydər Əliyevin Milli Şuranın üzvü olmadığı üçün parlamentə sədr seçilməsinin mümkün olmadığı iddiası ilə çıxış edərkən məhz Yaşar Əliyev Heydər Əliyevin Milli Şuraya seçilməsi üçün öz deputat mandatından imtina etməyə hazır olduğunu ifadə edərək əsl vətəndaşlıq və yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirmişdi.

YAŞAR ƏLİYEV QANUNVERİCİLİK SAHƏSINDƏ SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ HÜQUQİ DÖVLƏTİN İNKİŞAFINA VƏ PARLAMENTARİZM ƏNƏNƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİB

Yaşar Əliyev həmçinin 18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş Müstəqillik Aktına səs verən şəxslərdən biri olub. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Şuranın üzvü seçilən Yaşar Əliyev qanunvericilik sahəsində də öz fəaliyyəti ilə dövlətin inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi davam etdirən Y. Əliyev 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilib, parlament sədrinin müavini kimi fəaliyyət göstərib. O, səmərəli fəaliyyətinin qanunauyğun nəticəsi kimi, 2000-ci ildə parlament seçkilərində növbəti dəfə seçicilərin yüksək etimadını qazanıb.

Milli Məclisin deputatı kimi 12 illik fəaliyyəti dövründə Yaşar Əliyev qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak edib. Onun ictimai-siyasi fəaliyyətinin çox mühüm səhifələrindən birini Ümummilli lider Heydər Əliyevin Sədri olduğu Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu üzrə Dövlət Komissiyasının üzvü olması, Konstitusiyanın hazırlanması və qəbuluna öz dəyərli töhfələrini verməsi təşkil edir.

YAŞAR ƏLİYEV AZƏRBAYCANIN BEYNƏLXALQ ƏLAQƏLƏRİNİN DAHA DA YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ MÜSTƏSNA XİDMƏTLƏR GÖSTƏRİB

Yaşar Əliyev Azərbaycanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılması və dünyada mövqeyinin möhkəmlənməsi istiqamətində də yorulmaz fəaliyyət göstərib, müstəsna xidmətləri ilə yadda qalıb. MDB ölkələrinin Parlament Assambleyasının Şurasının üzvü olan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına iki dəfə vitse-prezident seçilən Yaşar Əliyev həm də beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edib, Azərbaycan həqiqətlərinin fəal təbliğatçısı olub. Y. Əliyev parlamentlərarası münasibətlərin inkişafında, səmərəli əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Ən mühüm məqamlardan biri budur ki, Yaşar Əliyev hər zaman Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında olduğunu nəzərə çatdırıb, milli məsələlərlə bağlı qətiyyətli və fəal mövqedə dayanıb. Uzun müddət İran- Azərbaycan Dövlətlərarası Komissiyasının sədri olan Yaşar Əliyev iki ölkə arasında münasibətlərin inkişafına özünəməxsus töhfələr verib. AXC-“Müsavat” hakimiyyəti dövründə pozulmuş İran-Azərbaycan əlaqələrinin bərpa olunmasında – ikitərəfli təmasların sıxlaşmasında Y. Əliyevin təşəbbüsləri mühüm rol oynamışdır. O, bu mərhələdə İran prezidenti və ali dini rəhbəri ilə 10 dəfədən çöx görüşmüş, rəsmi səfərlərin həyata keçirilməsində və müqavilələrin imzalanmasında yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir.

Onun Azərbaycan dövləti qarşısında müstəsna xidmətlərindən birini 2002-2011-ci illər ərzində Çin Xalq Respublikasında (ÇXR) Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi səmərəli fəaliyyəti təşkil edir. Y.Əliyev bu dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafına, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, diplomatik əlaqələrin intensiv xarakter almasına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib. ÇXR-də azərbaycanlıların hüquqlarının müdafiə olunması, iqtisadi fəaliyyətinin qurulması və davam etdirilməsi, o cümlədən partiyalararası münasibətlərin – Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulması və inkişafı istiqamətində də çoxsaylı işlər görmüşdür. Bütövlükdə, Yaşar Əliyev bu müddət ərzində ÇXR-dən əlavə, Vyetnam, Monqolustan, Cənubi və Şimali Koreya dövlətlərində ölkəmizin fövqəladə və səlahiyyətli səfiri kimi uğurlu fəaliyyət göstərmişdir. Onun səfir kimi fəaliyyət göstərdiyi müddətdə Çində dəfələrlə Azərbaycan günləri keçirilib. Xüsusi olaraq Çində Olimpiya Oyunları keçirilən il böyük bir mədəniyyət tədbiri – Çində Azərbaycan Mədəniyyəti Günləri təşkil edilib. Həmçinin Şanxay şəhərində ənənəvi olaraq təşkil olunan beynəlxalq “Ekspo” sərgidə Azərbaycan guşəsinin yaradılması və ölkəmizin təbliğ edilməsində də onun mühüm xidmətlərini diqqətə çatdırmaq lazımdır. Yaşar Əliyev yuxarıda göstərilən dövlətlərlə yanaşı, digər Şərq və Qərb ölkələri ilə də əlaqələrin qurulmasında da müstəsna rol oynayıb.

PEŞƏKAR DİPLOMAT VƏ TƏCRÜBƏLİ PARLAMENTARİNİN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

Bütövlükdə, həm səhiyyə sahəsində uğurlu fəaliyyəti ilə yadda qalan, həm də ictimai-siyasi fəaliyyətində mühüm nailiyyətlər qazanan Yaşar Əliyevin – peşəkar diplomat və təcrübəli parlamentarinin dövlətçiliyin

qorunması və inkişafı istiqamətində fəaliyyəti daim yüksək qiymətlədirilib. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yaşar Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi onun fəaliyyətinə verilən qiymətin bariz ifadəsidir. O, həmçinin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2000-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Sodrujestvo” ordeni ilə təltif olunan Yaşar Əliyev 20-dən çox elmi əsərin müəllifi, Ukrayna Akademiyasının tibb doktoru və Moldova Respublikasının fəxri doktorudur.

Nəticə etibarilə, öz səmərəli fəaliyyəti ilə müsbət nümunə yaradan, alicənab şəxsiyyət kimi tanınan və geniş ictimaiyyətin dərin rəğbətini qazanan Yaşar Əliyevin ömür yolu – həyat və fəaliyyəti həm gənclər, həm də bütövlükdə cəmiyyət üçün parlaq nümunədir.

www.yenicag.az

1436
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS