Şəmkirdə dəhşətli qəza baş verib
Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza barədə məlumat yayıb. Bildirilib ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində “Vaz” və “Opel” markalı minik avtomobilləri ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Baş vermiş qəza zamanı ölənlərdən 3 nəfərin və yaralananların kimliyi bəlli olub. Ölənər – 8 yaşlı Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır.
Yaralılar isə 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimovdur.