“İstintaq davam edir”də Çingizov, “Ən vacib müsahibə” də Həsənov, “Dağlarda döyüş”də Rüstəmov, “Nəsimi”də Yusif, “Otel otağı”nda alim, “Dədə Qorqud”da ata və daha neçə-neçə filmdə yaddaqalan rollar qalereyası yaratdı.
Azərbaycan Dövlət Televiziyasında da hazırlanan neçə-neçə tamaşada maraqlı obrazlara can verdi – “Atayevlər ailəsi”ndə İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə Mahal kişi kimi tamaşaçıların yaddaşında iz qoydu. Söhbət mərhum aktyor, Xalq artsi Kamal Xudaverdiyevdən gedir. Bu gün onun anım günüdür.
Xalq artisti Xalidə Quliyeva mərhum aktyor Kamal Xudaverdiyevin anım günü ilə bağlı Yenicag.az-a danışıb.
Aktrisa mərhum aktyoru böyük sənətkar olmaqla bərabər, həm də ləyaqətli isnan kimi xarakterizə edib:
“Kamal Xudaverdiyev bir aktyor, bir şəxsiyyət kimi başqalarından fərqləndirən cəhət onun ləyaqətli insan olmasında idi. Onu zamanında çox çalışdılar ki, sındırsınlar, amma buna nail ola bilmədilər. Çox qürurlu insan idi. Onunla “Nəsimi” filmində birgə çəkilmişik. Dəhşət dərəcədə işinə, sənətinə bağlı insan idi. Bizim filmdə gözəl bir səhnəmz var idi, Kamal o səhnəni azı bir ay qabaqdan məşq edib hazırlamışdı. Elə buna görə də ilk dubldan onun oyunu rejissoru qane edirdi. İkinci dubla ehtiyac qalmırdı. Sakit, az danışan, özünü aparmağı bacaran, başıaşağı adam idi. Koloritli, təbii, xarizmatik aktyor idi. Həmişə sənətinə layiq olmağa çalışırdı. Bu adam bütün varlığı ilə sənət fədaisi idi. Aktyor kimi də, insan kimi də mükəmməl idi Kamal Xudaverdiyev. Buna görə də hər zaman yaddaşlarda yaşayacaq”.
Cəvahir
www.yenicag.az