Sənətin yoxdursa, “ər”indən danış...

media-hightechnic-468x90

Deməli, müğənni çıxıb efirə, ağzını Allah yolunda qoyub nə gəldi, necə gəldi danışır, şou-biznesin təbirincə desəm, “quşlayır”.

Veriliş yayımlanandan və sosial şəbəkələrdə eninə-uzununa müzakirə olunandan sonra düşür aparıcıların canına. Digər bir verilişə çıxıb, özünü sənət fədaisi kimi təqdim edir və başlayır aparıcıları ağ yuyub, qara sərməyə ki, “mən sənət adamıyam, sənətim qalıb qıraqda, niyə mənə sənətdən yox, şəxsi həyatımdan sual verirsən?! Niyə mənim mahnılarımdan yox, etdirdiyim estetik, plastik əməliyyatlarım barədə soruşursan” və s…

Lap, tutaq ki, aparıcı sənin dediyin kimi günahkardır, verilişinin maraqlı olması üçün sənə şəxsi həyatın barədə suallar verir. Yaxşı, bəs onda sən niyə ona “ayaq verməkdə” maraqlısan? O ki sənin təpənə tapança dirəyib məcbur etmir axı, deyəsən ki, “filan yerdə, filan qiymətə bədənşəkilləndirmə əməliyyatı etdirdim, bağımı satıb, yenisini aldım, avtomobilimi dəyişdirdim… Yaxud da həmkarımın ərini əlindən aldım, filan kişinin məşuqəsiyəm, evli kişidən uşaq doğdum, nikahdankənar uşağım var” və s…

Sən özün axı açırsan sandığı, tökürsən pambığı… Aparıcı soruşur, sən də cavab verirsən. Bəzən də heç soruşmamış danışırsan. Hətta qabaqcadan özün aparıcıya “ipucları” da verib eşitdirirsən ki, “bomba yenilikərim” var… Söhbət siz anladığınız o möhtəşəm sənət yeniliklərindən getmir e… Təzə qalmaqallardan, təzə sevgilidən, təzə avtomobildən, ən son etdirdiyi estetik, plastik əməliyyatlardan gedir. Bəlkə nüfuzlu beynəlxalq festivala qatılmısan, aparıcı o barədə sual verməyib? Ya, bəlkə böyük salonlarda solo konsertə hazırlaşırsan, aparıcı bu xəbəri qoyub, şəxsi həyatın barədə soruşur? Yazıq aparıcını niyə topa tutursan? Sənət olmayan yerdə o da məcburdur ki, olmayan ərindən, rəfiqənin “əlindən aldığın” məşuqəsindən, “yığdırdığın fiquran”dan sual versin.

Buna görə də efirdə danışdıqlarınızı “yüz ölçüb, bir biçin”. İşinizi elə görün ki, qonşunu oğru tutub, efirdən kənarda “yabalaşmayasınız”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600