!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sənətkarı “palçıq”, “uşaq-muşağı” “sənətkar” edən APARICILAR - Cəvahir Nehru yazır

!Reklam – Yazi

“Tərifin” dozasını “planka”sına uyğun edin ki, sonradan çıxıb “təpənizdə qoz sındırmasınlar”.

Bu aparıcılar da lap ağ edib e… Verilişə dəvət etdikləri sənətkara heç sənətkar kimi müraciət etmirlər. Amma o sənətkarın yanında dünən sənətə gələn uşaq-muşağa sənətkar deyib, tərifin birini bir qəpikdən edirlər. Tamaşaçı da baxıb düşünür ki, yəqin elə bunlar sənətkardır, bizim xəbərimiz yox.

Ayaqları yer alan və adları qulaqlarına bərk dəyən belə müğənniciklər də sonradan başlayırlar efirlərdə meydan sulamağa. Məhz ona sənətkar deyən aparıcıların qarşısında şərt kəsməyə ki, mən filan müğənni ilə efirə çıxmıram, filankəsi də mənimlə eyni verilişə çağırın və s… Siz elə bilirsiniz, o aparıcılar belə şərt kəsən müğənnilərə yerini göstərir? Xeyr, əksinə, onların yerini bir az da geniş edir, daha çox meydan verir. Hətta onların şərtinə əməl edərək, müğənniciyi sənətkarın ayağına da verirlər.

Bu yaxınlarda İlqar Mikayıloğlunun verilişində qonaq olan müğənni Türkan Vəlizadə, sən demə, illərin sənət adamı İntiqam Kərimovla eyni verilişdə olmaq istəməyib. Əvəzində öz “planka”sında olan həmkarı ilə verilişə çıxmaq üçün qarşı tərəflə “şərt kəsib”. Şərtə əməl edən aparıcı da verilişə məhz Türkanı çağırmalı olub. Hərçənd Türkan bu “mədəniyyətsizliyinə” başqa cür don geyindirdi. “Öz ünsiyyətim olan adamla verilişdə olmaq istədiyim üçün belə alınıb, yoxsa ki, hər zaman sənətkarlara hörmətlə yanaşmışam”, deyib, özünə haqq qazandırmağa çalışdı. Amma “keçəl Həsən, Həsən keçəl”, nəticə ki, eynidir. Sözün düzü, aparıcı kimi özünü-sözünü, yerini, danışığını bilən İlqardan başqa jest gözləyirdim. Əslində, məhz həmin gün verilişə Türkan yox, İntiqam Kərimov dəvət olunmalı idi. Türkan və digər müğənnilər də bundan bir dərs almış olardılar ki, bəli, şərt kəsilən yerdə, onlara yox, sənətkara üstünlük veriləcək.

Belə misallar həddən artıq çoxdur. Məsələn, aparıcı kimi dəyər verdiyim, efirdə səmimiyyətini çox bəyəndiyim Mətanət Əliverdiyeva müğənni Ramal İsrafilovu “əfsanələşmiş müğənni” adlandırdı, Azər Axşam Nigar Şabanovanı sənətkar kimi təqdim etdi. Əlbəttə, Nigar və Ramal öz yaşıdları arasında kifayət qədər populyarlıq qazanan müğənnilərdir. Səsləri də var, gözəl ifaçılardır. Amma qurban sizə, axı onlar sənətkar, əfsanə deyillər axı. O mərhələyə gəlib çatanda əfsanə də deyərsiniz, hələ lap korifey də. Amma hələ ki illərdir musiqimizdə sözünü deyən sənətkarlarımız var. Elə onların özünə sənətkar deyin, ürvatsız etməyin, bu bəs edər.

Sonra da deyirsiniz, sənətkarlar verilişlərə gəlmir, inciyib, küsüb… Bəs gəlməz də… Onları sənəti olmayanların yanında “palçıq” edənlə hansı sənətkar efirə gədlər.

Kəsəsi, oxuyanı təqdim edəndə, “tərifin” dozasını “planka”sına uyğun edin ki, sonradan çıxıb “təpənizdə qoz sındırmasınlar”. Həm də nə sənətkar urvatdan düşsün, nə də özünüz.

COP29

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv