Separatçıların məhkəməsi: Azərbaycan vertolyotunun vurulması ilə bağlı sənədlər tədqiq olundu - FOTO

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə məhkəmədə Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Protokolları tədqiq edilən ilk fakt 1989-cu il dekabrın 13-14-də, digər hadisələr isə sonrakı müddətlərdə qeydə alınıb.

Dövlət ittihamını müdafiə edən prokurorların tədqiq etdiyi sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, yaralanıb və girov götürülüblər.

Habelə, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların yaşadığı kəndlərin su kəmərləri və yüksəkgərginlikli elektrik xətti partladılıb, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə, avtomobillərinə və digər əmlaklara ciddi zərər dəyib.

Qeyd olunan faktlar üzrə həmin vaxt cinayət işləri başlanılıb.

Həmin hadisələrə Malıbəyli və Quşçular qətliamı kimi tanınan hadisələr, bu zaman dinc əhalinin kütləvi şəkildə öldürülməsi və hər iki kəndin işğal edilməsi də daxildir.

Məhkəmədə tədqiq olunan digər protokol isə 1991-ci il aprelin 4-də Şuşa rayonunun Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə bağlı olub. Həmin gün saat 12-13 saat radələrində içərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus 27057 nömrəli vertolyot Şuşa rayonun Göytala kəndinə uçuş zamanı, ermənilərin yaşadığı Eksaok kəndindən atəşə tutulması nəticəsində vertolyot zədələnib, Turşsu kəndinə məcburi eniş etməsi zamanı qəzaya uğrayaraq yanıb, bəzi sərnişinlər yaralanıb.

Elan və tədqiq olunan digər protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyotunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxaraq Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus “AZAL” mülki aviasiya konserninin “AZALPANX” Zabrat aviaşirkətinə aid 24137 bort nömrəli “Mİ-8T” markalı sərnişin vertolyotu Xankəndi şəhərinin Kərkicahan kəndi ərazisindən Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulib. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yola çırpılaraq partlayıb. Hadisə zamanı 3 nəfər ekipaj və 39 nəfər sərnişin olmaqla 42 nəfər ölüb. Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokollardan görünür ki, vertolyotun yanğınla müşayiət olunan partlayışı zamanı içərisində olan şəxslərin meyitləri yanmış və parçalanmış vəziyyətdə aşkarlanıb. Hadisə yerindən qəlpə hissələri götürülüb. Partlayış nəticəsində 42 nəfər ölüb.

Daha sonra zərərçəkmiş şəxs Elxan Ələkbərov ifadəsində Şuşa Milis Şöbəsində çalışdığını, işğala qədər və işğal zamanı hadisələri gördüyünüyü bildirib.

E.Ələkbərov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları ilə bağlı 1988-ci il sentyabrın 20-də yaşadığı Şuşa şəhərində komendant saatı tətbiq olunduğunu söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq deyib: “Müxtəlif zamanlarda bizim Ağdama gediş-gəlişimizdə, digər rayonlarla əlaqə saxlamağımızda böyük problemlərlə qarşılaşırdıq. Yolda bizi daşa basırdılar. Rəhmətlik atamı da avtobusda başını daşla vurub yarmışdılıar. Bəlkə də ölüm səbəbi elə ondan olub”.

O, sonralar Şuşanın xüsusən Topxana və Şuşakənd istiqamətlərindən ağır artilleriya atəşinə məruz qaldığını bildirib: “Top atəşi ilə vururdular, “Alazan” tipli raketlər atırdılar. Məsələn, mülki şəxs Fərhadov Füzuli Aydın oğlu evində oturarkən “Alazan” tipli raket düşməsi nəticəsində qətlə yetirilmişdi”.

Zərərçəkmiş şəxs 1991-ci il noyabr ayının 5-də Şuşanın Nəbilər kəndinə olan hücumdan da bəhs edib: “Kənd sakini, mülki şəxs Vahid Sevindiyov qətlə yetirildi. Həmin döyüşdə mən başımdan ağır güllə yarası aldım. Uzun müddət bunla bağlı xəstəxanada qaldım, sonra hospitaldan tərxis olub şəhərimizə qayıtdım”.

O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında Şuşanın növbəti dəfə artilleriya atəşinə tutulması zamanı milis şöbəsinin vurulduğunu, milis əməkdaşı Nizami Məmmədovun şəhid olduğunu deyib: “Daha iki milis işçisi yaralandı. Yaralılardan Sadıq Hüseynov sağalmadı, şəhid oldu”.

Zərərçəkmiş şəxs su kəmərlərinin partladılması və yolların bağlanması nəticəsində Şuşa əhalisinin su və çörək çatışmazlığından əziyyət çəkdiyini deyib: “1989-cu ilin sonundan 1992-ci ilin mayına qədər davamlı atəş altında yaşamışıq”.

Zərərçəkmiş şəxs Şuşanın işğalı barədə danışarkən əhalinin şəhəri tərk etməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən heç bir dəhlzi verilmədiyini də söyləyib: “Mülki əhalinin çıxması üçün dəhliz verilsəydi, mütləq bilərdim. Heç bir dəhliz olmayıb. Əhali şəhəri çox əziyyətlə tərk etd. Məsələn, Firuzə adlı bir qadın yoxuşu qalxanda ürəyi partlayıb öldü”.

Şahid qismində dindirilmiş Sahib Sarıyev ifadəsində bildirib ki, 1967-ci ildə Şuşada anadan olub. O, mütəmadi olaraq Xankəndiyə getdiyini də bildirib. Şahid təqsirləndirilən şəxsləri göstərərək deyib: “Orada oturanlardan Bako Sahakyan, Arkadi Qukasyan şəxsən tanıdıqlarım idi. Biz 1988-ci ilin sentyabrından etibarən Xankəndindəlki Malıbəyli pavliyonunda işləyirdik. Bu adamlar oranı yaxşı tanıyarlar. 1988-ci ilin sentyabrın 17-də bunlar əllərində daş, odun, dəmir parçaları ilə tökülüşdülər Malıbəyli körpüsünə. Bunların arasında o prosesdə iştirak edənlər var. Sentyabrın 17-dək orda qaldıq, sonra getdik Şuşaya. Restoranı da birdəfəlik bağladıq. Çünki bunlar imkan vermədilər. Həmin vaxt da bunlar hazırlıqlı vəziyyətdə idilər. Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi. Xankəndidə yaşayan Manuçarov “karyer”in direktoru, Nərimanyan ət kombinatının direktoru, Badamyan avtobazanın direktoru, Sehranyan lampa zavodunun direktoru bunaları idarə edirdi”.

Şahid çalışdığı yanacaqdoldurma məntəqəsinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən partladılmasını da danışıb. S.Sarıyev Yevlax-Laçın yolunun 112-ci kilometrində Şuşa şəhərindən Laçın şəhərinə gedən yolun sol tərəfindən yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş operator işlədiyini, həmin yanacaqdoldurma məntəqəsində İlqar Ağalarovla növbələşərək çalışdığını bildirib. Şahid bildirib ki, 1990-cı il martın 23-də saat 20 radələrində yanacaqdoldurma məntəqəsini bağlayıb Şuşa şəhərinə gedib. Növbəti gün səhər saat 07 radələrində yanacaqdoldurma məntəqəsinə gəldikdə orada polis əməkdaşlarını və yanğınsöndürənləri görüb, həmin vaxt yanacaqdoldurma məntəqəsində olan A-76 markalı içərisində 15 min rubl dəyərində benzin saxlanılan çənin yandığını, həmçinin yanacaqdoldurma məntəqəsində olan vaqonun pəncərələrinin şüşələrinin qırıldığını və vaqonda olan 95 rubl dəyərində telefon aparatının yoxa çıxdığını görüb.

Zərərçəkmiş İlham Həsənov 1960-da Şuşada doğulduğunu və orada yaşadığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib.

“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, – deyə o əlavə edib.

Zərrəçəkmiş bildirib ki, Şuşa şəhərində N.Nərimanov küçəsindəki ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.

Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Hikmət Zeynalov ifadəsində Şuşada anadan olduğunu, hərbi xidmətinin ilyarımını Ermənistanda – Eçməidzində çəkdiyini bildirib. O, deyib: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər.

H.Zeynalov Şuşa şəhəri M.H.Vəzirov küçəsində yerləşən ikimərtəbəli həyətyanı sahəsi olan fərdi evində yaşayıb. 1992-ci il mayın 14-də Xocalı rayonu Muxtarkənd və Şuşakənd istiqamətlərindən atəşə tutularkən, yandırıcı tərkibli raketlərdən birinin onun yaşadığı evə düşməsi nəticəsində evləri dağılaraq bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə H.Zeynalova ziyan dəyib.

“Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”, – zərərçəkmiş şəxs bildirib.

Zərərçəkmiş şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin nümayəndələrinin və müdafiə tərəfinin suallarını cavablandırıblar.

Onlar təqsirləndirilən şəxslərin layiqli formada cəzalandırılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600