Separatçıların məhkəməsində zərərçəkmiş: "Kadrlarda atamın başının dərisinin soyulduğu görünür"

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 21-də davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və sair təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Əziz Hüseynovun hüquqi varisi – bacısı Sonagül Şirinova ifadəsində qardaşının 1994-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Xocavənddə, qaynı Habil Şirinovun isə 1993-cü il iyunun 26-da Ağdamın Xıdırlı kəndində şəhid olduqlarını bildirib.

Zərərçəkmiş şəxs Elgin Abbaslının hüquqi varisi – atası Ağayar Abbasov ifadəsində Ermənistan silahlı qüvvələrinin silahlı hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi köçkün düşdüyünü deyib. Qeyd edib ki, oğlu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Şuşadan yaralıları təxliyə etmək üçün gedərkən şəhid olub.

Zərərçəkən Mustafa Ağayev ifadəsində 2021-ci il iyunun 16-da Sədərək rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Vüsalə Salmanova ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb.

Zərərçəkən Gülnarə Soltanova ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il oktyabrın 31-də ailə üzvləri ilə birlikdə Ağdamda avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüb. “Bizi Xankəndidə həbsxanada, sonra uşaq xəstəxanasında saxladılar. Jirik adında erməni polis var idi, o, girovluqda bizə çoxlu əzab-əziyyətlər, işgəncələr verib. O zaman 24 yaşım var idi. Girovluqda beş ay qaldıq”, – deyə o əlavə edib.

1995-ci ilin fevralında Haramı düzü yaxınlığında əsir götürüldüyünü söyləyən İlqar Zaidov ifadəsində vurğulayıb ki, 1 il 3 ay Ermənistan silahlı qüvvələrinin əsirliyində qalıb. “Əvvəlcə Hadrutda, sonra Xankəndidə, daha sonra Şuşa həbsxanasında saxladılar. Həbsdə olduğum müddətdə ağır işgəncələr verirdilər. Avtomatın qundağı, təpik və yumruqla necə gəldi vururdular. Aylar sonra əsirlikdən azad olundum”, – deyə o bildirib.

Zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. O, əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. Qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.

Zərərçəkmiş, həmçinin ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.

Kəlbəcərin Ağcakənd kəndinin sakini olan Gültəkin Cəlilova ifadəsində deyib ki, 1993-cü ilin martın 31-də kəndi məcburi tərk etməli olublar. O, hadisəni belə nəql edib: “Atam, anam, iki qardaşım və mən “Niva” avtomobili ilə kəndi tərk etdik. Zülfüqarlı kəndinə çatanda orada çoxlu hərbçi var idi. “Tunel” deyilən ərazidə çoxlu yük maşını saxlanılmışdı. Hamısı yaşadıqları yerlərdən köçənlər idi. Ermənistan silahlı qüvvələri üzərimizdəki qızıl-zinət əşyalarını çıxardılar. Tuneldən çıxanda ətrafdakı qayalıqlarda faciənin baş verdiyini gördük. Qız-gəlinlərimizin ağlaşma səsləri hər tərəfə yayılırdı.

O vaxt 16 yaşım var idi. Əzab-əziyyətlə Gəncəyə gəlib çıxdıq, ayaqlarımızı don vurmuşdu”.

Zərərçəkənlər Xədicə Əhmədova və Mahizər Abdullayeva ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi köçkün düşdüklərini, evlərinin talan edildiyini bildiriblər.

Laçın rayon sakini Vidadi Məmmədov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sol diz oynağından yaralandığını söyləyib. “Bacanağım şəhid oldu, kəndimizdə bir ailənin 4 üzvü girov götürüldü. Hələ də onlar haqqında heç bir məlumat yoxdur”, – deyə o vurğulayıb.

Zərərçəkən Elvin Fərhadlı ifadəsində atası Vidadi Fərhadovun 2023-cü il sentyabrın 19-da Şuşada tikintidə işləyən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan artilleriya atəşi nəticəsində həlak olduğunu deyib.

Zərərçəkən Anar Orucov ifadəsində qeyd edib ki, atası Telman Orucov, anası Raya Rəhimova, bacısı Təranə Orucova, həmçinin əmisi və əmisi oğlu Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsində qətlə yetiriliblər. “Televiziya görüntülərində atam Telman Orucovun başının dərisinin soyulduğu görünür”, – deyə o vurğulayıb.

Qardaşının və əmisi oğlunun 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçının Güləbird kəndində şəhid olduqlarını deyən zərərçəkən Nailə Aslanova bildirib ki, həmin il mayın 18-də Laçından məcburi köçkün düşüb.

Sonra təqsirləndirilən Arayik Harutyunyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək üçün vəsatətlə çıxış edib.

Hakim Zeynal Ağayev vəsatəti təmin edib və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.

Neftçala rayonunun Xıllı qəsəbəsindən olan Xankişi Qafarov diqqətə çatdırıb ki, 1994-cü ilin əvvəlində Kəlbəcərdə Ömər aşırımı istiqamətində döyüşlərdə Ermənistan silahlı qüvvələrinin mühasirəsinə düşüb. O, döyüşlərdə çox sayda insanın həlak olduğunu və yaralandığını vurğulayaraq qeyd edib: “Dörd gün qarın içində mühasirədə qaldıq, ayaqlarımı, əllərimi don vurdu. Sonra bizi əsir götürüb Ermənistana apardılar. Hər gün ağır işgəncələr verirdilər. Bir müddət sonra azad olundum. Donvurmaya görə sol ayağım amputasiya edildi”.

Təqsirləndirilən şəxs David Manukyanın suallarını cavablandıran Xankişi Qafarov bildirib ki, Ermənistanda əsirlikdə olduğu zaman hər gün döyülüb, işgəncələrə məruz qalıb, üzərinə itlər buraxılıb, alnına bıçaqla xaç işarəsi çəkilib.

Sonra Xankişi Qafarovun aldığı xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi açıqlanıb.

Zərərçəkmiş şəxslər Fəxrəddin Ağayev, Loğman Balayev, Əli Qənbərov, Lətif Mürsəlov, Ramazan Mamedov və Çıraq Mehraliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.

Digər zərərçəkmiş şəxslər Minarə Mirzəyeva, Vəzirxan Süleymanov, Şahin Məmmədov, Aidə Məcnunova, Tahirə Zeynalova, Səadət Heydərova, Tahirə Abdullayeva, Gülsarə Əhmədova, Əminə Məhərrəmova, Zəminə Qaraşova, Afaq Qasımova, Səxavət Rzayev, Sədrəddin İsmayılov, Elşad Hüseynov, Mahir Mirzəyev, Vasif Cəbrayılov, Çingiz İlyasov, Sərxan Kazımov, Xaqani Mustafayev, Məhəmməd Əhmədov, Qalib İsmayılov, Rasim Bəşirov, Əhməd Qarayev, Nicat Behbudov, Kəmalə Həsənova, Bəturə Quliyeva, Fərqanə Rəsulova, Yeganə Aslanova və Ənvər Abdullayev ifadələrində 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi köçkün düşdüklərini vurğulayıblar.

Mustafa Əmirov və Elxan Şıxəliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini və xəsarət aldıqlarını bildiriblər.

Daha sonra ifadə verən Hümbət Alırzayev, Səxavət Əliyev və Astan Bayramov Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.

Zərərçəkmişlərin hüquqi varisləri və zərərçəkənlər iclas zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, dövlət ittihamçıları Fuad Musayevin, Vüsal Abdullayevin və Təranə Məmmədovanın, həmçinin təqsirləndirilən şəxslərin, təqsirləndirilənlərin müdafiəçilərinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 22-də davam etdiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa