“Dəyişən bir şey olmayacaq. Çünki indiyə qədərki mərhələdə döymədikləri qapı qalmadı. Bütün beynəlxalq təşkilatlara Azərbaycanın etnik təmizləmə apardığı ilə bağlı əsassız müraciətlər ediblər. Azərbaycanın haqlı olduğunu görən heç bir təşkilat isə ölkəmizlə bağlı hər hansı qərar çıxarmayıb”.
Bunu separatçıların mübarizə çağırışlarının və Qarabağda yaşayan erməni əhalini mitinqlərə sövq etməklərinin özləri üçün yaradacağı təhlükələrdən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, separatçı rejimin Qarabağda keçirdiyi mitinqlər sonun başlanğıcı deməkdir:
“Sonun başlanğıcı isə üç istiqamətdə olacaq. Birincisi, inteqrasiya seçimidir. Azərbaycanın hələ də ümidi olduğu üçün sərt gücdən istifadə etmir. İkinci variant Azərbaycandan getmələri. Üçüncü variant isə sərt gücün tətbiqidir.
Qarabağda yaşayan əhalinin itneqrasiyanı seçəcəyi istiqamətdə hələ də ümidlərimiz var. Çünki separatçı rejimin tərkibində olan əhali arasında parçalanma müşahidə edilir. Azərbaycana inteqrasiya etməyin doğru qərar olduğunu anlayırlar.
İkinci variant olan bölgəni tərk etmək seçimi də bizim üçün məqbuldur. Hər kəs qan tökülmədən məsələnin rahat şəkildə həll olunmasını istəyər.
Sərt güc seçimi isə separatçı rejim üçün heç yaxşı olmaz. Azərbaycanın Vətən müharibəsindən sonra keçirdiyi əməliyyatlar mahiyyət etibarilə əks-cavab xarakteri daşıyıb. İndi isə son seçim olaraq separatçı rejimin qanunsuz hərbçiləri silahını atmasa, ordumuzun hədəfinə çevriləcək.
Nöqtə əməliyyatları çərçivəsində fəaliyyət icra olunacaq. Hədəf isə yalnız və yalnız Qarabağdakı separatçı rejimə başçılıq edən şəxslər, qanunsuz hərbi birləşmələrdir. 140-150 hədəfimiz var. Bu hədəflər zərəsizləşdirilsə, qalan şəxslər ağ bayraq qaldıracaq və Azərbaycan bayrağına sığınacaq. Ermənilərin bu xüsusiyyətini çox yaxşı bilirik.
İstər oturaq, istər başı üstə qalxaraq, istərsə də uzanıb aksiya keçirsinlər. Dəyişən bir şey olmayacaq. Çünki indiyə qədərki mərhələdə döymədikləri qapı qalmadı. Bütün beynəlxalq təşkilatlara Azərbaycanın etnik təmizləmə apardığı ilə bağlı əsassız müraciətlər ediblər. Azərbaycanın haqlı olduğunu görən heç bir təşkilat isə ölkəmizlə bağlı hər hansı qərar çıxarmayıb.
Yaxın günlərdə separatçı rejimin rəhbərlərindən fərqli mövqe müşahidə edəcəyik. Çünki artıq əraziyə daxil olan və çıxan hər şey nəzarətimizdədir. Rus sülhməramlılarına da artıq bəzi məhdudiyyətlərin qoyulması onların əvvəlki kimi erməniyönümlü mövqe sərgiləyə bilməməsinə səbəb olub.
İndiki mərhələdə yekun xüsusi hərbi əməliyyatının keçirilməsinə zaman lazımdır. Çünki fərqli mesajlar, mövqe dəyişiklikləri müşahidə edə bilərik. Yumşaq gücün tətbiqi ilə məqsədimizə nail olsaq, sərt gücün tətbiqinə ehtiyac qalmayacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az