Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərdar Cəlaloğludan prezident İlham Əliyevə DƏSTƏK ÇAĞIRIŞI: “Bu siyasət müdafiə olunmalıdır”

“Azərbaycanda məmurların cinayətkara çevrilməsinin səbəbi həm də onların uzun müddət eyni vəzifədə qalmalarıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son vaxtlar bir sıra rayon icra başçılarının ard-arda həbs edilmələrinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu bildirib ki, uzun müddət eyni vəzifədə qalan məmurun qanunsuzluğa meyllənməsi təəccüblü deyil:

“Gedib bir peyğəmbəri də gətirib vəzifəyə qoysaq, o da pozulacaq. Hazırda heç bir qurum üzərində ictimai və dövlət nəzarəti yoxdur. Son vaxtlar Dövlət Təhlükəsizliyi Xidməti bu məsələlərə nəzarəti gücləndirib. Görək, onlar da bu işi nə qədər davam etdirəcəklər…

Hər kəs görür ki, məmurlar çox arxayınlaşıblar. Məsələn Beynəlxalq Bankdan 7 milyard dollar pul oğurlandı. O məbləği oğurlayanlara 10 il, 8 il iş verdilər. Halbuki onlara ömürlük həbs cəzası verilməli və və oğurladıqları pullar da son qəpiyinə qədər dövlət büdcəsinə qaytarılmalı idi.
Məmurların çoxu vəzifəyə təyin olunan kimi başlayır oğurluğa, yeddi nəslinə çatacaq qədər vəsaiti talayır, sonra da 5-7 il həbsdə yatır, çıxıb gedir xaricdə milyonçu kimi yaşayır. O, baxsa ki təkcə həbs olunmaqla yaxasını qurtara bilməyəcək, oğurladığı pullar son qəpiyinə qədər geri alınacaq, heç vaxt bu qələti eləməz.

Azərbaycanda məmurların cinayətkara çevrilməsinin səbəbi həm budur, həm də uzun müddət eyni vəzifədə qalmaları, o cümlədən, cəzasızlıq şəraitində işləmələridir”.

ADP sədri qeyd edib ki, bir məmurun eyni vəzifədə 5 ildən çox işləməyi doğru deyil:

“Ölkədə köklü kadr islahatı aparılmalıdır. İcra başçısını bu rayondan çıxarıb, digər rayona qoyurlar. Ən yaxşı işçi olsa belə, onu uzun müddət vəzifədə saxlamaq olmaz.  İndiyə qədər icra başçılarının cinayətləri ilə bağlı yüzlərlə məqalə yazılıb. Görün, prokurorluq orqanları bununla bağlı cinayət işi qaldırıb? Əksinə, onu yazanları hədəfə götürüblər.

Düşünürəm ki, bu və başqa rayonun icra başçısını həbs etməklə problem öz həllini tapmayacaq. Ona görə də fundamental dəyişikliklərə getmək lazımdır. Prezident İlham Əliyevin indi apardığı bu siyasət xalq, həmçinin müxalifət tərəfindən dəstəklənməlidir. Kadr islahatı aparılmalıdır, ancaq bu prosesə də ciddi nəzarət edilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

550