Sərdar Qılıçın "İrəvan mənim evimdir" açıqlamasına Şamil Ayrımdan REAKSİYA: "Diplomat təmkinli olmalıdır"
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar fonunda səsləndirilən bir ifadə ciddi müzakirələrə səbəb olub. Belə ki, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Qılıç İrəvanda keçirilən Avropa zirvəsi zamanı jurnalistlərə özünü İrəvanda “öz evindəki kimi” hiss etdiyini bildirib. Bu açıqlama həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, diplomatın bu fikirləri xüsusilə həssas bir dövrdə səsləndirildiyi üçün geniş tənqidlərə yol açıb. Qeyd olunur ki, 24 apreldə Türkiyə və Azərbaycan bayraqlarının İrəvanda yandırılması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda belə bir ifadənin işlədilməsi reaksiyaları daha da sərtləşdirib.
Yenicag.az məsələ ilə bağlı Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın mövqeyini öyrənib.
Şamil Ayrım bildirib ki, səsləndirilən ifadə daha çox spontan, yəni qeyri-ixtiyari xarakter daşıyır:
“Bu cür ifadələr bəzən ani şəkildə dilə gətirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, diplomatik fəaliyyət, xüsusilə həssas dövrlərdə daha böyük diqqət və təmkin tələb edir”.
O əlavə edib ki, regionda davam edən mürəkkəb proseslər fonunda rəsmi şəxslərin açıqlamaları ictimai rəyə birbaşa təsir göstərir. Bu baxımdan diplomatların və siyasi fiqurların daha ölçülü-biçili mövqe sərgiləməsi vacibdir.
Samir Məcidov
Natiq İsayev













