!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd-buraxılış məntəqəsi və Rusiya sülhməramlılarının TƏXRİBATI: Kreml ilk güllənin atılmasını gözləyir - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması son aylar baş verən proseslərin məntiqi sonluğu idi.

Azərbaycan ordusu Xəlfəli yolunda və Laçın istiqamətindəki əməliyyatları sərhəd-buraxılış məntəqəsinin xəbərçisi idi. Hətta bu iki əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında ilk sərhəd-buraxılış məntəqəsinin yerinin müəyyən olunduğunu yazmışdım.

Məntəqənin qurulmasının elanından sonra bir çoxları bəyan etməyə başladı ki, aylar öncə bunun baş verəcəyini deyiblər. Hər dəfə bir hadisə baş verəndə mütləq belə adamlar ortaya çıxır, gündə verdikləri müxtəlif proqnozları camaata çoxbilmişlik kimi sırıyırlar. Adama deyən lazımdır ki, o iki əməliyyat baş verməsəydi, məntəqə necə qurulacaqdı? Məlum əməliyyatların üzərindən isə heç bir ay keçməyib. O zaman sual yaranır, aylar öncə bu necə bilinirdi. Hər dəfə belə bir şey olanda bu adamlara yerini göstərməsən, olmur.

Keçək ciddi məsələlərə

Əvvəlcə, Ermənistan tərəfi sərhəd-buraxılış məntəqəsi qurmağa başladı. Azərbaycanda yenə çoxbilmişlər ekranları zəbt edib səslərini başlarına atdılar ki, bu, qeyri-qanunidir. Ermənistan dövləti öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurur, bundan sənə nə? Öz hüquqlarını bilməyən adamların qanundan danışması da ayrı aləmdir.

Azərbaycan tərəfi də Həkəri çayının üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsi qurdu. Məsələ ondadır ki, bu proses heç də asanlıqla başa gəlmədi. İki gün ərzində Rusiya sülhməramlıları Azərbaycan tərəfinin sərhəd-buraxılış məntəqəsi qurmağına ciddi şəkildə mane olmağa çalışıb. İki gün ərzində ruslar əllərindən gələni ediblər ki, Azərbaycan tərəfi geri çəkilsin. Gərginliyin olmasını videolardan da görə bilərik. Belə ki, Rusiya ordusu Azərbaycan tərəfinin qarşısında yolu bloklayıb, Azərbaycan tərəfi də eynilə hərbi texnikalarla yolu kəsib. Rusiya tərəfinin atdığı bu addımla Qarabağda yaşayan ermənilər çarəsiz vəziyyətə düşüblər. Hesab edirəm ki, Azərbaycan tərəfi bundan informasiya müharibəsi üçün istifadə edə bilər.

Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyi baş verənlərlə bağlı açıqlama yaydı və sərhəd-buraxılış məntəqəsini “razılaşdırılmamış” adlandırdı. Təkcə ərazidən alınan informasiya yox, rəsmi olaraq “razılaşdırılmamış” adlandırma belə Azərbaycan ordusu ilə ruslar arasında gərginliyin olmasından xəbər verir. Hesab edirəm ki, bu gərginlik qısa zamanda keçməyəcək. Çünki rusların bütün dayaqları laxlamış olur.

Ermənistan üçün baş verənlərin heç bir fərqi yoxdur. Əksinə, Ermənistan istəyir ki, gərginlik daha da artsın. Çünki erməni tərəfi bilir ki, Rusiya hansısa formada onları cəzalandıracaq. Digər tərəfdən, Ermənistan çalışır ki, gərginlik pik həddi görsün və əraziyə Avropa İttifaqı missiyası daxil olsun. Təbii ki, bu gərginlik Azərbaycanla Rusiya arasında baş verməlidir.

Rusiya nə istəyir?

Rusiya nəinki Qarabağda daha beş il qalmağı qaranti etmək istəyir, hətta iki ölkənin dövlət sərhədinə də nəzarət etmək niyyətindədir. Dolayısı ilə planın baş tutması üçün ruslar gərginliyi artıracaqlar. Yeri gəlmişkən, ruslar bunu sərhəd istiqamətində baş verən insidentlərdən sonra da təklif etmişdilər. Azərbaycan tərəfi buna etiraz etmişdi. O zaman Paşinyan hətta Rusiyanın bu təklifinə ikiəlli razı idi. KTMT-nin belə missiyasının gəlməsini arzulayırdı. Düzdür, ondan sonra körpünün altından çox sular axıb: Ermənistan KTMT-nin birgə bəyanatına imza atmadı, KTMT-nin ərazisində təlimlərinə razılıq vermədi, üstəgəl, NATO təlimlərinə qatıldı. Rusiya hələ də NATO təlimlərinin hesabını Ermənistandan istəyir.

Dolayısı ilə Rusiya təkcə Qarabağda qalmaq niyyətində deyil. Ruslar həm də dövlət sərhədinə yerləşmək niyyətindədirlər. Hesab edirəm ki, son gərginlik də bu planın tərkib hissəsidir. Azərbaycan tərəfi, xüsusilə sahədə bu işlərlə məşğul olanlar son dərəcə diqqətli olmalıdır. İlk mərmini atan bu işlərdən zərərli çıxacaq.

Rusiya tərəfi Qarabağda atəşkəsin pozulmasını da elan etmişdi. Hesab edirəm ki, bu, gözlənilən idi. Rusiya tərəfi də gözəl bilir ki, Qarabağda hər an hərbi əməliyyatlar ola bilər. Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması çox şey deməkdir, ancaq hər şey demək deyil. Məsələlərə soyuq başla baxmaq lazımdır. Azərbaycanın qarşısında duran əsas təhlükə Qarabağdakı separatçı rejim və silahlılardır. Azərbaycan, eyni zamanda, Sərsəng su anbarını və Ağdərə-Kəlbəcər yolu məsələsini qısa zamanda həll etməlidir.

Azərbaycan sərhədlə bağlı riskli, nəticə verən addımlarını Qarabağ istiqamətində də atmalıdır. Yoxsa sərhəd və Qarabağ daxili və xarici siyasət kimi görünəcək…

Səxavət Məmməd

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv