Sərhəddə 2 nəfərin meyiti AŞKARLANDI
Polşa ilə Belarus arasındakı Buq çayında iki kişinin meyiti aşkarlanıb. Onların qanunsuz yollarla sərhədi keçməyə çalışan miqrantlar olduğu ehtimal edilir.
Yenicag.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.
Polşa Sərhəd Xidmətinin yerli nümayəndəsi Daryuş Senitskinin sözlərinə görə, meyitlər 15 aprel tarixində çayda, Polşa-Belarus sərhədi üzərində yerləşən ərazidə tapılıb. Byala-Podlyaska şəhər polisinin mətbuat katibi isə bildirib ki, meyitlər sərhədə yaxın yerləşən Starıy Bubel kəndi yaxınlığında aşkarlanıb. Tapılan şəxslərin cəsədləri artıq kifayət qədər pis vəziyyətdə olub. Hazırda onların kimliyi və ölüm səbəbi araşdırılır.
Senitski qeyd edib ki, onların miqrant olması istisna edilmir:
“Çünki həmin ərazidə bir müddət əvvəl çoxsaylı şəxsin sərhədi keçməyə cəhd etdiyi məlum idi və onların bəzilərinin suda boğula biləcəyi ilə bağlı məlumat almışdıq”.
O əlavə edib ki, həmin vaxt çayın dibini iki gün boyunca araşdırıblar, lakin heç bir cəsəd aşkarlanmamışdı. Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Duşçik isə “TVP Info”ya açıqlamasında bildirib ki, ölənlərin belaruslu sərhədçilər tərəfindən mart ayının ortalarında suya itələnən miqrantlar ola biləcəyi ehtimal edilir:
“Bu, təxribatın bir hissəsi idi. Təxminən on nəfər suya itələnmişdi. Bəzilərini polşalı sərhədçilər xilas etdi. Onların bəziləri üzə bilmirdi və ehtimal ki, Belarus tərəfdə boğuldular. İndi meyitlərin Polşa sahilində suyun üzünə çıxdığını görürük”, – deyə nazir müavini bildirib.
Qeyd edək ki, daha öncə – 5 aprel tarixində də polşalı sərhədçilər Buq çayında kimliyi məlum olmayan bir meyit aşkar etmişdi. Polşa Sərhəd Xidmətinin hesablamalarına görə, 2025-ci ilin əvvəlindən etibarən yalnız Lublin voyevodalığında Belarusla sərhəddə 300-ə yaxın qanunsuz keçid cəhdi qeydə alınıb və bu say getdikcə artır.