Sərhəddə bufer zona YARADILIR? – “Əgər Ermənistan hazırkı siyasətindən əl çəkməsə...”
“Əgər Ermənistan hazırkı siyasətindən əl çəkməsə, Azərbaycan öz yaşayış məntəqələrinin təhlükəsizliyini qorumaq üçün bufer zona – təhlükəsizlik zonası barədə düşünməli olacaq”.
Bu fikri Ermənistanla Azərbaycan arasında gərginlik, eləcə də bunun toqquşmaya gətirib çıxarıb-çıxarmayacağını Yencag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Ermənistan belə davam edərsə, Azərbaycan bufer zona yaratmağı nəzərdən keçirəcək:
“Ermənistanla Azərbaycan arasında toqquşma ehtimalı həmişə var, olub və bundan sonra olması da istisna olunmur. Ona görə ki, Azərbaycan tərəfindən qoyulan əsas şərtlər 5 ildir ki, yerinə yetirilmir. Əsas şərtlərdən biri Ermənistan konstitusiyasına edilməli olan dəyişiklikdir. Əgər müharibə şəraitində olan bir ölkənin digərinə konstitusiyasında ərazi iddiası varsa, onu silahlandıran varsa, atəşkəs pozulursa, Avropa missiyası tərəfindən sərhədimiz daim müşahidə edilirsə, bunlar hamısı sülhə yox, konfrontasiyanı göstərən amillərdir”.
“O cümlədən demarkasiya prosesi də hələlik dondurulmuş haldadır. Bu amillər hamısı onu göstərir ki, Ermənistan bunları gələcəkdə sülh müqaviləsinin bağlanmasına yox, əksini etməyə hazırlaşır. Ermənistanın əsas havadarı Fransadır və onun Azərbaycanla münasibətlərini nəzərə alsaq, eləcə də Ermənistanı silahlandırmasına baxsaq, onu deyə bilərik ki, rəsmi Paris Ermənistanın əli ilə Azərbaycana qarşı təcavüz, yaxud revanşa əl atması mümkündür”, – deyə polkovnik əlavə edib.
Həmsöhbətimiz əlavə edib ki, Ermənistanın Baş naziri və xarici işləri naziri hansısa tədbirlərdə çıxış edib sülhdən danışırlar:
“Amma məsələ ondadır ki, Ermənistanın sülhə baxışı ilə Azərbaycanın sülhə baxışı fərqlidir. Azərbaycan sülhə müvəqqəti faktor kimi baxmır. Ermənistan isə sülhə ciddi yanaşmır, kağız parçası kimi baxır. 5 il ərzində cəmi 4 kəndin təhvil verilməsi baş tutub. Digər öhdəliklər yerinə yetirilmir. Əgər Ermənistan hazırkı siyasətindən əl çəkməsə, Azərbaycan öz yaşayış məntəqələrinin təhlükəsizliyini qorumaq üçün bufer zona – təhlükəsizlik zonası barədə düşünməli olacaq. Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarına məhəl qoymasa, Azərbaycan əlavə tədbirlərə əl ata bilər”.
Səxavət Məmməd