“Sülh prosesinin pozulmasını və gərginliyin davam etməsini istəyən qüvvələr var”.
Bu sözləri Ermənistan tərəfinin atəşkəsi pozmasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, atəşkəsin pozulmasında müxtəlif qüvvələrin rolu ola bilər:
“Son günlər atəşkəsin pozulması halı ilə rastlaşırıq. Əgər atəşkəs bir dəfə pozulardısa, bunu təsadüfi saya bilərdik. Ancaq bir neçə dəfə atəşkəsin pozulması baş verirsə, demək ki, hansısa qüvvələr tərəfindən bu təxribatlar yaranır. Digər tərəfdən, sülh müqaviləsinin bağlanması yönündə açıqlamalar oldu. Sülh mesajı ilə atəşkəsin pozulması bir-biri ilə uzlaşmır”.
Həmsöhbətimiz əlavə edib ki, atəşkəsin pozulması Ermənistan tərəfindən yox, əksinə. digər qüvvələr tərəfindən də ola bilər:
“Rusiyaya bağlı qüvvələr də bunu edə bilər. Çünki son zamanlar Azərbaycanla Rusiya arasında təyyarənin vurulmasından sonra gərginlik var idi. Bu gərginlik mətbuatda daha da şişirdildi. ABŞ və Fransa da bu təxribatların arxasında ola bilər. Ona görə ki, bir çox qüvvələr sülhə maraqlı deyil. Paşinyan hökuməti də bu atəşkəsin pozulmasının arxasında ola bilər. Çünki Paşinyan prosesi seçkiyə qədər uzatmağın tərəfdarı idi”.
“ABŞ-nin Almaniyadakı hərbi bazasındakı texnikaları Ermənistandakı poliqona köçürəcəyi barədə məlumat yayılıb. Bu məlumatda hərbi texnikaların müvəqqəti, yoxsa daimi köçürüləcəyi barədə heç bir məlumat verilmir. Bəzi qüvvələr istəyir ki, təxribat baş verərkən Azərbaycan Ermənistana cavab versin və qısa da olsa, toqquşma olsun və sülh prosesi pozulsun və gərginlik davam etsin”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az