Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərt karantin zamanı işləyən qurumlar - SİYAHI

Azərbaycanın iri şəhər və rayonlarında tətbiq edilən sərt karantin rejimi günlərində fəaliyyətinə icazə verilən qurum və xidmətlər məlum olub.

Yenicag.az xəbər verir ki, iyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

– siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

– hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

– xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər;

– sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

– kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

– elektrik enerjisinin istehsalı və təchizatı;

– meliorasiya və su təsərrüfatı;

– rabitə xidmətləri;

– teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

– dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

– boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

– fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

– neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

– çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

– fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;

rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri (Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək).

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər ölkə qanunvericiliyi ilə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Həmin müddət ərzində qeyd olunan ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Həmin müddət ərzində həmin yerlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

www.yenicag.az

822