Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Manama şəhərində “Bəhreyn Dialoq Forumu” çərcivəsində Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.
Yenicag.az xəbər verir ki, Manamanın “Qəsr əs-Səxir Kral sarayı”nda əsas iştirakçı qismində müsəlman dünyasının təmsilçiləri – Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən – Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.
Roma Papası Fransisk tədbirdə iştirak edən din xadimlərini salamlayaraq, din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.
Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə çağırıb. O deyib ki, getdikcə parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır.
Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: “Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış “İnsan Qardaşlığı” sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir”.
www.yenicag.az