Talıbovların geri dönüş SSENARİSİ: Xanın ətrafı gizli görüşlərə start verib
Son günlər Naxçıvanla bağlı informasiya məkanında diqqətçəkən canlanma müşahidə olunur. Yayılan iddialara görə, uzun müddət səssiz qalan Vasif Talıbov və yaxın çevrəsi yenidən dolayı yollarla proseslərə təsir göstərməyə çalışır. Oğlu Rza Talıbovun üzərindən maliyyələşdirilən qruplar Xanın geri dönəcəyi ilə bağlı təbliğata start veriblər.
Məlumatlarda qeyd olunur ki, Fuad Nəcəflinin yarıtmaz və uğursuz fəaliyyətindən sonra vəzifəsindən uzaqlaşdırılması bu xətti daha da gücləndirib.
Hazırkı rəhbərliyi də Fuad Nəcəflinin davamı olmaqda ittiham edərək, Xan sonrası zəif idarəçiliyin Naxçıvanda xaosu daha da artıracağı barədə rəy formalaşdırılır.
Bu çərçivədə Naxçıvanın mürəkkəb və çətin idarə olunan bölgə olduğu, hazırkı idarəçiliyin bunun öhdəsindən gələ bilmədiyi və bölgəni yalnız Vasif Talıbovun idarə edə biləcəyi fikirləri tirajlanır.
Naxçıvandakı mənbələr deyir ki, bu tip informasiyalar daha çox təsir imkanlarını bərpa etməyə yönəlmiş psixoloji və informasiya təzyiqi elementləridir.
Bu arada Rza Talıbovun “Gənclik” ərazisində bir sıra media nümayəndələri ilə də görüşlərinin intensivləşdiyi yayılan xəbərlər arasındadır.
Camal Cavanşir












