!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Son beş ildə vəziyyət daha da pisləşib..." - Azay Quliyev

!Reklam – Yazi

ATƏT PA-nın vitse-prezidenti beynəlxalq tədbirdə Azərbaycan təcrübəsindən danışıb.

Mayın 29-30-da Avstriyanın Fillax şəhərində ATƏT Parlament Assambleyası (PA) ilə Avstriya Parlamentinin “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda birgə təşkil etdiyi konfranda ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev məruzə ilə çıxış edib.

İlk növbədə önəmli mövzuda böyük bir tədbir təşkil etdiyinə görə Avstriya Parlamentinə təşəkkürünü bildirən Azay Quliyev milli azlıqların hüquqlarına hörmət və onların təşviqinin bütün görüşlərdə ATƏT PA-nın gündəliyində olduğunu deyib.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, münaqişələrin qarşısını almaq və qarşılıqlı anlaşmanı genişləndirməkdə ATƏT-in əsas məqsədi hərbi və bəşəri aspektləri əhatə edərək, təhlükəsizliyə hərtərəfli yanaşmaqdır. ATƏT və onun institutları fəaliyyətində demokratiya, insan hüquqları və qanunun aliliyi kimi ümumi dəyərlərə söykənir.
ATƏT-in iştirakçı dövlətlərinin gələcək fəaliyyətlərini müzakirə etmək üçün buraya toplaşdığını bildirən Azay Quliyev məruzəsində parlamentarilərin milli azlıqlar üçün adekvat və dəstəkləyici şərait yaratmasına kömək edə biləcək 5 mühüm sahəsini vurğulayıb.

ATƏT PA-nın vitse-prezidenti ilk olaraq qeyd edib ki, milli azlıqların cəmiyyətə inteqrasiyası, həmçinin onların uşaqlarının təhsil prosesinə cəlb olunması istənilən ölkədə dinamik cəmiyyətin yaradılması üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bir çox beynəlxalq və milli QHT-lərin mütəmadi hesabatlarından da göründüyü kimi milli azlıqların inteqrasiyası və tam təhsilə cəlb olunması məsələsi hələ də bəzi ATƏT-in iştirakçı dövlətlərində həll edilməlidir:

“Lazımi ölkələrdə vəziyyəti inkişaf etdirmək üçün heç bir səyin olmamasına baxmayaraq biz parlamentarilər olaraq bu məsələni qanunvericilik səviyyəsinə gətirməliyik”.

Azay Quliyev digər vacib məsələnin milli azlıqların milli, regional və yerli idarəçilikdə iştirakını təmin etmək üçün siyasi tədbirlər görülməsi ilə bağlı olduğunu deyib. Milli azlıqlara belə yanaşma cəmiyyətdə harmoniya və dialoqun yaranmasına səbəb olacaq:

“Bundan başqa, bu, milli azlıqların sülhpərvər cəmiyyətlər üçün təhlükə kimi qəbul edilməsi kimi baxışların aradan qalxmasına yardım edəcək. Məsələn, mənim ölkəm Azərbaycanda biz bu məsələni uzun müddətə dayanan ənənələrə əsaslanaraq həll etmişik. Azərbaycanın dövlət strukturlarında müxtəlif milli azlıqlar geniş şəkildə təmsil olunurlar. Milli azlıqların nümayəndələri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Parlamentdə, Nazirlər Kabinetində, Konstitusiya Məhkəməsində, Mərkəzi Seçki Komissiyasında, hüquq-mühafizə strukturlarında, bələdiyyələrdə və digər dövlət orqanlarında çalışırlar. Milli azlıqların nümayəndələri Azərbaycan Milli Məclisində geniş tərkibdə təmsil olunurlar və hətta onların bəziləri orada yüksək vəzifə tuturlar. Milli azlıqlar Konstitusiya ilə onlara verilən bütün hüquqlardan faydalanırlar. Multikultural cəmiyyət Azərbaycan dövlətnin zənginliyi və əsas strateji hədəfidir”.

ATƏT PA-nın vitse-prezidenti milli azlıq və etnik qrupların kimliyinin və mədəniyyətinin qorunmasının əsas elementlərindən biri kimi onların mədəni birgəyaşayışı üçün maddi dəstək də daxil olmaqla, dövlətin xüsusi dəstəyinin göstərilməsini qeyd edib. Hökumətlər razılaşdırılan beynəlxalq öhdəliklərə tam olaraq əməl etməlidirlər və bu məqsədə nail olmaq üçün müəyyən kvota tətbiq etməlidirlər. Azay Quliyev çıxışında Azərbaycanın milli azlıqların öz milli kimliyi və mədəniyyətini qorumaq üçün dövlət dəstəyinin göstərilməsi sahəsində ən yaxşı təcrübələrini bölüşüb:

“Digər dövlət institutları ilə yanaşı, təkcə təmsil etdiyim Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 23 milli azlıq və etnik qrupun hüquq və mədəniyyətini təşviq edən QHT-lərin 135-dən çox layihəsini maliyyələşdirmişdir. Belə dövlət dəstəyi sayəsində, onlarla milli mədəniyyət mərkəzləri, assosiasiyalar, və bülletenlər də daxil olmaqla, digər qurumlar hal-hazırda Azərbaycanda uğurla fəaliyyət göstərir. Bizdə hazırda milli azlıqları təşviq edən və onların legitim maraqlarını dəstəkləyən 60-dan çox QHT var. Azərbaycanda milli və ya etnik mənsubiyyətinə görə heç bir cinayət halları və ya qanun pozuntusunun olmaması alqışlanmalıdır. İnanıram ki, burada Parlamentin rolu ölkələrin öz öhdəliklərini yerinə yetirmə vəziyyətini monitorinq və müşahidə etməkdən ibarətdir. Biz vəziyyətə effektiv şəkildə nəzarət etmək üçün parlamentlərimizdə milli azlıqlar üçün mövcud olan xüsusi koordinator mandatı da daxil olmaqla, sərəncamımızda olan bütün vasitələrdən istifadə etməli və milli azlıqlara qarşı heç bir qanun pozuntusunun baş verməməsindən əmin olmalıyıq”.

Azay Quliyev digər bir mühüm məsələ kimi parlamentarilərin milli azlıqların hüquqlarını dəstəkləyən və təşviq edilməsi sahəsində ixtisaslaşmış QHT və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlarla yaxından işləməsinin və onlarla əməkdaşlıq etməsininin vacibliyini vurğulayıb:

“Azlıqların hüquqlarını təşviq etmək, müvafiq formada boşluqları doldurmaq və əhəmiyyətli dərəcədə rol oynamaq üçün kifayət qədər imkanları və təcrübəsi var. Müvafiq ölkələrdə baş verən cinayət halları və qanun pozuntularına dair məlumat əldə etmək üçün QHT-lərin böyük potensialı var. Parlamentlər QHT-lərin həyata keçirdiyi fəaliyyəti dəstəkləməli və QHT/ Vətəndaş Cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatların bu sahədə funksiya və vəzifələrini tamamilə yerinə yetirməsini təmin etmək üçün qanuni çərçivə hazırlamaq da daxil olmaqla, bütün şəraiti yaratmalıdırlar. Biz həmçinin iştirakçı dövlətlər arasında ən yaxşı təcrübələri və bundan əldə edilmiş nəticələri bölüşməliyik”.

Azay Quliyev qarşılıqlı olaraq faydalana bilinəcək böyük təcrübə və biliyin öyrənilməsi üçün parlamentarilərin səfərlərinin təşkil olunmasının zəruri olduğunu deyib.

ATƏT PA-nın vitse-prezidenti çıxışında yuxarıda qeyd olunan mühiti yaratmaq və genişləndirmək üçün irqçilik, ksenefobiya, dözümsüzlük və nifrət cinayətlərinə qarşı effektiv bir şəkildə mübarizə aparmağın vacibliyini vurğulayıb:

“Əks halda, dinamik və sülhpərvər cəmiyyət yarada və milli azlıqları dəstəkləyə bilməyəcəyik, çünki bu, beynəlxalq humanitar hüquq və qanuni normalar tələb edir. Amma təəssüf ki, son zamanlardakı bəzi hesabatlar göstərir ki, son beş ildə vəziyyət daha da pisləşməyə doğru getmiş və nifrət cinayətləri və qanun pozuntularının sayı ATƏT-ə üzv olan bəzi ölkələrdə artmışdır. Bundan başqa, müəyyən məşhur QHT-lər öz narahatlıqlarını ifadə etmişlər ki, bu cinayətləri törətmiş insanlar cinayət təqibindən kənarda qalır və məhkəməyə cəlb olunmurlar. Bu, bütövlükdə qəbuledilməzdir. Bu tendensiyanı dayandırmaq və azlıqların hüquqlarını qorumaq üçün təcili addımlar atılmalıdır. İlk növbədə parlamentlər əmin olmalıdırlar ki, bu cinayət və qanun pozuntularının operativ və effektiv şəkildə araşdırılması və təqib edilməsi cinayət prosesində nəzərə alınır. Eyni zamanda hökumətlər hakim, prokuror və ədliyyə sistemində işləyən digər şəxslərin milli, regional və irqi mənsubiyyətə əsaslanan cinayət və qanun pozuntuları hallarında necə davranmaları lazım olduğu ilə bağlı potensialını və biliyini artırmaq üçün zəruri tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası hakim, prokuror və vəkillərin nifrət və ayrı-seçkiliyə əsaslanan cinayətlərlə bağlı biliyini artırmaq üçün öz təhsil sisteminə xüsusi proqram inteqrasiya etmişdir. Burada məqsəd çalışmalar və təcrübə ərzində mümkün boşluqları və çatışmazlıqları aradan qaldırmaqdan ibarətdir”.

Azay Quliyev çıxışında bəyan edib ki, ATƏT PA çərçivəsində bütün tərəfdaşlarımızla ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq.

Yenicag.az

COP29

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv