Real Madridin ulduz futbolçusu Sergi Ramos son günlər yayılan transfer xəbərlərinə mətbuat konfransında son nöqtəni qoyub.
Yenicag.az xəbər verir ki, o açıqlamasında bunları deyib:
“Bir neçə günlük şübhələrdən və söyləntilərdən sonra, mən bu söz-söhbətlərə son qoymaq üçün buradayam. İndiyədək heç bir problem olmayıb və bunu demək istəyirəm ki, burada hələ bir neçə il də qalıb, çoxlu uğurlar qazanmağa davam edib, karyerama burada son qoymağı planlamışam. Əgər prezident olsaydım, mən də özümün buradan pulsuz ayrılmağıma razı olmazdım. Hətta, müqaviləmi həmişəlik yeniləyərdim. Florentino Perez ilə bir ata-oğul kimi yaxın münasibətimiz var. O da mən deyənləri təsdiq edər ki, mən heç vaxt buradan ayrılmağı düşünməmişəm. Hətta, pulsuz belə burada oynayaram. Bəli, Çindən təklif var idi, amma heç vaxt məni maraqlandırmadı. Düşüncəmdə heç vaxt buradan ayrılmaq fikri olmayıb. Yenə deyirəm, əgər kimsə transfer olunsa və məndən çox qazansa belə, bu, mənim üçün heç problem deyil. Yeni transferlər barədə danışsam, Eden Hazard böyük oyunçudur. O, klubun gücünə güc qatacaq. O, burada çox işlər görəcək. Yeni transferlərin olması yaxşı haldır. Gedənlər də olacaq və yeni, ac bir komanda qurulacaq. Xeyli qələbə, uğur qazananda, artıq doyursan, amma, mənim üçün belə deyil və mən hər zaman uğurlara, kubok qaldırmağa ac biriyəm. Gələcəkdə nələr olar bilmirəm, bəlkə də Çində, ABŞ-da, ya burada baş məşqçi olaram, bilmirəm. Amma, hazırda burada görəcək çox işim qaldığını düşünürəm. Mən bir madridistayam və azarkeşləri də söyləntilərə məhəl qoymamağa çağırıram”.