“O, qrim otağı ilə nəfəs alırdı. Məşqi, tamaşası olmasa da, onu qrim otağında tapırdıq. Deyirdik, bu gün məşqin yoxdur, niyə gəlmisən? Deyirdi, mən teatrsız qala bilmirəm…”
Bunu anım günü olan mərhum Xalq artisti Ağaxan Salmanlı ilə bağlı xatirələrini bölüşərkən Əməkdar artist İlham Əsədov Yenicag.az-a açıqlamasında deyib.
O, A.Salmanlının ölümündən sonra da teatrda yerinin göründüyünü deyir:
“Filmə çəkilməyi çox istəyirdi, amma təəssüf ki, rejissorlar ondan yetərincə istifadə etmədilər. Ağaxan Salmanlı böyük məktəb idi. Onunla oturub danışmaq özü elə bir məktəb idi. O, ancaq yeni obrazlar, tamaşalar barədə düşünürdü. O, heç vaxt ölüm barədə fikirləşmirdi. Ümumiyyətlə, o adam xəstəlik nədir bilmirdi. Bir dəfə onun canından şikayətləndiyini eşitmədik. Ona görə də ölüm xəbərini eşidəndə inanmadıq. Elə bildik kimsə bizimlə zarafat edir.
Onun yoxluğu bu gün də teatrda görünür. Onun otağı səhnəyə yaxın yerdəydi, hər dəfə oradan keçəndə elə bilirik Ağaxan Salmanlı otaqdadır. Onunla çalışan bütün gənc aktyorların qrim otaqlarında Ağaxan müəllimin fotoşəkli var. Bu da ona olan əvəzsiz sevginin nəticəsidir. Bir şeyə sevinirik ki, o, yataq xəstəsi olmadı. Çünki onun ən böyük qorxusu yataq xəstəsi olmaq idi. Allah onun səsini eşitdi, ölümü qəfildən oldu. Həm əxlaqlı insan, həm gözəl ata, baba və mükəmməl aktyor idi. Onun nəvəsinin toyunun səhəri günü dünyasını dəyişməsi bizi ikiqat sarsıtdı”.
Cəvahir
www.yenicag.az