!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOS: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı azaldı

!Reklam – Yazi

Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin qoyunçuluğun inkişafı ilə bağlı verdikləri məlumatlarla mövcud vəziyyət arasında ciddi uyğunsuzluqlar var.

Yenicag.az xəbər verir ki, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında 10 faizə qədər azalma müşahidə olunub.

Statistik məlumatlara görə, 2016-cı ildə ölkəmizdə qoyunların sayı 8 milyondan çox olduğu halda, 2022-ci ildə bu göstərici 7.314200 təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda ölkəmizdə qoyunların sayının son illərdə azalmasının bir sıra səbəblərlə bağlı olduğu göstərilib. Bunlar yem bitkilərinin əkilməsi üçün istifadə edilən sahələrin azalması, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, işğaldan azad edilmiş otlaqlara kifayət qədər çıxışın olmaması və tələblə təklifin dəyişməsi fonunda tələbin artmasıdır.

Apardığımız araşdırmalar zamanı isə məlum olub ki, hazırda respublikamızda xırdabuynuzlu heyvanların, o cümlədən qoyunların sayının azalması ilk növbədə mövcud imkanların məhdudlaşdırılması ilə bağlıdır.

Belə ki, son illər qoyunların qışlaması üçün istifadə olunan və Mərkəzi Aran rayonlarında yerləşən qışlaqların əksəriyyəti fermer və sahibkarların əlindən alınıb. Həmin ərazilərdən əsasən taxıl əkini üçün istifadə edilir. Qışlaqları əlindən alınan şəxslərə digər yerlər isə təklif olunmayıb. Bunun nəticəsində də onlar bu sahədən əl çəkmək məcburiyyətində qalıblar.

Təsadüfi deyil ki, son illər məsələn, Şamaxı, İsmayıllı, Qəbələ rayonları üzrə yaylaqlara qoyun sürüsü aparanların sayı əhəmiyyətli dərəcədə azalıb. Əvvəllər qoyun sürülərinin saxlandığı çox sayda yaylaq yeri istifadəsiz qalıb. Qoyunları yaylağa və qışlağa aparmadan bir yerdə bəsləmək üçün ayrıca təsərrüfatların yaradılması da müşahidə edilmir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmiləri isə “qoyunçuluq sahəsində son illər əldə olunmuş nailiyyətlər” barədə danışırlar.

Nailiyyətlərin nədən ibarət olduğu açıqlanmasa da, bildirilir ki, heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır.

Qoyunçuluğun intensiv inkişafı məqsədilə KTN tərəfindən damazlıq-seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihələrin də icra olunduğu deyilir. Qeyd edilir ki, əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və süngərləmə üsulunu tətbiq etməklə, qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır. Yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılmasının da nəzərdə tutulduğu vurğulanır.

Qeyd edilənlərə misal olaraq, məsələn, 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan “Pirəsora” qoyun cinsi göstərilir. Bildirilir ki, yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 ananın 130-a yaxın bala vermə potensialı var.

Halbuki araşdırmamız zamanı məlum olub ki, hazırda ölkə ərazisində geniş şəkildə bəslənən Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Azərbaycan dağ merinosu, Qala, Bozax, Herik, Gödək, Mazex, Şirvan və digər qoyun cinslərinin balavermə məhsuldarlığı 100-130 faiz təşkil edir ki, bu da əkiz balavermənin hesabına hər 100 baş qoyundan 130 başa qədər quzu əldə etməyə imkan verir.

Göründüyü kimi, hazırda Azərbaycanda qoyunçuluq sahəsində nailiyyət deyil, geriləmələr var.

Bu hal ilk növbədə qoyunçuluq sahəsindəki infrastrukturun dağıdılmasında və qoyunların sayının azalmasında özünü göstərir. Bu isə arzuolunan deyil. Mütəxəssislər hesab edirlər ki, KTN qışlaq yerlərini fermer və sahibkarların əlindən almamışdan əvvəl onları alternativ yerlərlə təmin etməlidir. Həmçinin onlar üçün müvafiq güzəştlər də edilməlidir.

Qeyd edək ki, hazırda bir sıra ölkələr Azərbaycandan diri heyvan və ət məhsullarının idxalına maraq göstərir. Bu istiqamətlə danışıqlar aparılır. KTN-in fakta əsaslanmayan “nailiyyətləri” isə bu məsələyə kölgə sala bilər.

Nəzərə alaq ki, xariclə yanaşı, ölkə daxilində də qoyun ətinə və bu heyvandan əldə olunan digər məhsullara tələbat çoxdur. Buna görə də KTN ölkədə xırdabuynuzlu heyvanların, o cümlədən qoyunların sayının azalmasının qarşısının alınması və bu sahənin inkişafı istiqamətində əsaslı işlər görməlidir.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv