Şotlandiyada QOLF DİPLOMATİYASI: Tramp Birləşmiş Krallığa hansı mesajı GÖNDƏRDİ?
“Donald Trampın Şotlandiya səfəri şəxsi xarakter daşısa da, heç şübhəsiz ki, siyasi çalarları da var”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Analitik ABŞ prezidenti Donald Trampın beşgünlük Şotlandiya səfərinin səbəblərini və ABŞ ilə Avropa İttifaqı arasında imzalanan sənədlərin mahiyyətini şərh edib.
Qeyd edək ki, ABŞ və Aİ arasında Şotlandiya görüşündən sonra ticarət razılaşması qəbul edilib. Razılaşmaya əsasən, ABŞ Aİ-dən gələn mallara 15% əsas tarif tətbiq edəcək, polad və alüminiuma isə 50% rüsum tətbiq ediləcək. Eləcə də Aİ öz bazarlarını ABŞ ilə tarifsiz ticarət üçün açmağa razı olacaq, həmçinin Aİ ABŞ-dən 750 milyard dollar dəyərində enerji almağa və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya qoymağa razılaşacaq. Bundan başqa, Aİ ABŞ-nin “külli miqdarda” hərbi texnikası almağa razı olacaq.
X. Cəfərli isə hesab edir ki, formal olaraq Tramp Şotlandiyaya iş adamı kimi yeni, üçüncü qolf klubunun açılışında iştirak etmək üçün səfər edib:
“Ancaq Şotlandiyanın Böyük Britaniyanın bir hissəsi olduğunu, Trampın da Birləşmiş Krallığın hökuməti ilə münasibətlərinin etimadlı olmadığını nəzərə alanda, heç şübhəsiz ki burada siyasi nüansların olduğu aydın görünür. Onu da nəzərə almaq lazımdır ki, Trampın Birləşmiş Krallığa rəsmi səfəri hələ olmayıb və yalnız sentyabr ayında gerçəkləşə biləcəyi ehtimal olunur. Trampın tərəfdarları, xüsusilə də “Trampizm”in ideoloqları arasında Birləşmiş Krallığa qarşı olan güclü şəxslər var. Görünür, Tramp Birləşmiş Krallıqla rəqabətdə uduzduğu bir neçə mövqenin əvəzini Şotlandiyada üçüncü qolf klubunu açmaqla çıxmağa çalışır”.
Rafi Müslümov