Statusu qeyri-müəyyən qurum: Tarif Şurası – Ekspert rəyi
Natiq Cəfərli: “Vətəndaşların haqlarının qorunması üçün Tarif Şurası genişləndirilməlidir”
Qadir İbrahimli: “Yaxşı olardı ki, buradakı adamlar müstəqil ekspertlərdən, maraqlı olmayan qurumların nümayəndələrindən ibarət olsun”
Əliməmməd Nuriyev: “Tarif Şurasının hüquqi statusuna aydınlıq gəlməlidir”
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc Tarif Şurasının statusu haqqında danışıb. Z. Oruc bu yaxınlarda Tarif Şurasının benzinin qiyməti ilə bağlı çıxardığı anlaşılmaz qərarın ölkə başçısı tərəfindən ləğv olunduğunu xatırladaraq bildirib ki, bu strukturun fəaliyyətinə yenidən baxmaq lazımdır.
O qeyd edib ki, Tarif Şurasının tərkibi qanunla müəyyənləşməlidir: “Belə bir qurumun tərkibinin niyə müavinlər səviyyəsində formalaşması, yaxud hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Hesab edirəm ki, qanunla Tarif Şurasının statusunu yenidən müəyyən etməliyik”.
Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Tarif Şurasının statusuna yenidən baxılmasını dəstəklədiyini dedi: “Tarif Şurasının bu günə qədər fəaliyyəti və statusi həddən artıq qeyri-müəyyəndir. O konstitusion bir orqan deyil, sadəcə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaranan orqandır və müxtəlif nazirliklərin nazir müavinləri səviyyəsində təmsil olunurlar. Amma qəbul etdikləri qərarlar demək olar ki, ölkənin bütün həyatına təsir edə biləcək qərarlardır. Ona görə də Tarif Şurasının səlahiyyətləri, onun qəbul etmə qaydalarına yenidən baxaraq onu konstitusion orqana çevirmək düzgün olardı. Tarif Şurasının marağı və vəzifəsi təbii inhisarçılara nəzarət və qiymət tənzimləməsini həyata keçirməkdir. Ona görə də təbii inhisarlarla bağlı məsələlərə baxaraq, əhalinin maraqlarını qorumaq nöqteyi-nəzərdən yanaşma daha düzgün olardı. İndiki formatda isə əsasən təbii inhisarçıların maraqlarının qorunmasına cəhdlər göstərilir. Vətəndaşların haqlarının qorunması üçün Tarif Şurası genişləndirilməlidir. Ora bəzi səlahiyyətli nümayəndələr də daxil olmalıdır”.
Ekspert Qadir İbrahimli burada müstəqil ekspertlərin təmsil olunmasını vacib bildi : “Tarif Şurasının tərkibi dəyişməlidir. Orada bir çox maraqlı qurumların, təbii inhisarların nümayəndələri təmsil olunur. Yaxşı olardı ki, buradakı adamlar müstəqil ekspertlərdən, maraqlı olmayan qurumların nümayəndələrindən ibarət olsun ki, obyektivlik təmin edilsin”.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bu qənaətdədir ki, Tarif Şurasının yenidən tərkibinə baxmaq lazımdır: “Burada təmsil olunan şəxslər bu və ya digər dövllət orqanlarının nümayəndələridir. Onlarsa maraqlı tərəfdir. Burada ictimaiyyət nümayəndələri, ekspertlər, müstəqil qiymətləndirmə apara biləcək insanlar yoxdur. Həmçinin, burada maraqlar toqquşmasına imkan verən vəziyyət yaranır. Ona görə də qurumun tərkibi əhəmiyyətli dərəcədə dəyişməlidir. Maraqlı tərəflər də olmalıdır. Amma balans da qorunmalıdır. Bərabər sayda olunması təmin edilməlidir ki, qərarların qəbulu prosesində idarə maraqları önə keçməsin. Bərabər sayda olmaq işin keyfiyyətinə də müsbət təsir edər. Bu zaman da cəmiyyətin, dövlətin maraqları, insanın maraqları aydın şəkildə öz ifadəsini tapar. Hər bir dövlət orqanı çalışır ki, qiymətlər artırılsın. Bu zaman da düzgün hesablamalar aparılmır. Hesablamalar, habelə nədən qiymətlərin dəyişməsi cəmiyyətə çatdırılmalıdır. Tarif Şurasının hüquqi statusuna da aydınlıq gəlməlidir. Bunlar qanunla tənzimlənməlidir. Yaxşı olar ki, qurumun öz fəaliyyəti qanunla tənzimlənsin. Belə olan halda onun qəbul etdiyi qərarlar hər hansı problem yaratmaz”.
Rüfət