Sülh gözləntiləri fonunda Lavrovun açıqlamaları: "Rusiya Qarabağ məsələsini gündəmə gətirməklə..."
“Lavrov Qarabağ məsələsini gündəmə gətirməklə bir növ Azərbaycana təzyiq etməyə çalışır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Siyasi şərhçi Lavrovun Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi bağlanmasında uğurlar arzu etməsini şərh edərək bildirib ki, Rusiya ikitərəfli oynamağa çalışır:
“Lavrovun Ermənistana səfərində qeyd edir ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi arzulayır, amma bu belə deyil. O hətta tələbələrin qarşısındakı çıxışında belə Qarabağ məsələsini gündəmə gətirib. Bundan başqa, Nikol Paşinyana Qarabağ separatçıları ilə işi olmamasını, onların fəaliyyətində müəyyən azadlıq verilməsini də istəyib. Təbii ki, Rusiya həmçinin Qarabağ məsələsini gündəmə gətirməklə Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsini uzadır”.
M. Əsədullazadə qeyd edib ki, Rusiya son atdığı addımlarla Azərbaycana təzyiq göstərməyə cəhd edir:
“Lavrovun Ermənistana səfəri ilə verdiyi bəyanat heç də Azərbaycanla yaxınlaşmasına uyğun deyil. Son dövrlər Azərbaycanla Rusiya arasında müəyyən siyasi əlaqələrdə problem var. İndi Rusiyada Ermənistanla Qarabağ məsələsini gündəmə gətirməklə bir növ Azərbaycana təzyiq etməyə çalışır”.
Nurlan Cəfəri