Sülh paraflandı, amma... – Ermənistan müxalifəti barışığı niyə QƏBUL ETMİR?
“Ermənistanda narazı olanların hamısı Paşinyanın siyasi rəqibləridir”.
Bu fikri sülh müqaviləsinin paraflanmasından sonra Ermənistan mediasında, ictimaiyyətində müqavilənin əleyhinə çıxılmasını və reallıqları Yenicag.az-a dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.
O, bildirib ki, Azərbaycana qarşı təzyiqlər səngiyəcək:
“Ermənistan Azərbaycan münaqişəsi kontekstində baş verən hadisələrə real prizmadan yanaşmalıyıq. Nə həddən artıq şişirtməməli, nə də kiçiltməməliyik. Çox ciddi bir hadisə baş verib, ancaq bu məsələnin sona çatması deyil, çünki ekun sülh müqaviləsi bağlanmayı və bunun üçün vaxt var. Hər kəs sakit duranda deyirdim ki, Paşinyana prosesin uzanması sərf edir”.
“Nəzərə alaq ki, paraflanmada Azərbaycan heç bir öhdəlik götürməyib, elə Ermənistan mediası və siyasətçilərini də narahat edən budur. Öhdəliklər götürən Ermənistandır. Erməni separatçıları ilə bağlı Ermənistanın arzusu, niyyəti olub. Azərbaycanın o öhdəliyi də yoxdur. Eyni zamanda onu da deyək ki, reallıqdan doğan addım atılıb. Şəxsən mənim də istəyim o idi ki, vasitəçilərsiz məsələ həll olunsun. Görünür ki, hər iki vasitəçilərsiz məsələnin həll olunmasına maneçilik görüblər. Maneçilik törədəcək tərəflər Rusiya və İrandır. Ona görə də ABŞ seçilib”.
Onun sözlərinə görə, 907-ci düzəliş ləğv olunacaq, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı isə müraciətlər var:
“Bu Azərbaycana sərf edən variantdır. Azərbaycan təzyiqlərdən yavaş-yavaş qurtarır. Azərbaycana həm Avropa İttifaqı, həm ABŞ, həm İran, həm də Rusiya tərəfindən təzyiqlər vardı. ABŞ masasında bu məsələni həll etməklə nəfəs almaq imkanı qazandıq. Azərbaycanda, təəssüf ki, məsələlərə ya ağ, ya da qara baxırlar, orta xətt yoxdur”.
Onun sözlərinə görə, dünənə qədər Rusiyaya dost, qardaş deyən adamlar indi Rusiyanı söyür:
“Yaxud ABŞ-nin söyənlər indi tərif edir. Məsələyə praqmatik yanaşmışıq. Hər bir ölkənin bu regionda maraqları var. Bizim marağımız hamıdan öndə olmalıdır. Strateji baxımdan, İranın, Rusiyanın səsi kəsilib, Avropa dövlətləri də dostluq mesajları göndərirlər. Ermənistanda narazı olanların hamısı Paşinyanın siyasi rəqibləridir. Onlar fürsətdən istifadə edib istənilən məsələyə qara rəng qoymaq istəyirlər. Düşünmürlər ki, Ermənistan da ciddi nəticələr əldə edib. Ən azı iqtisadi blokadadan çıxacaq. Bizim tarixi torpaqlarımızla bağlı məsələ necə olacaq – bu gələcəyin işidir. Ancaq Böyük Azərbaycan Partiyasının mövqeyi dəyişməyib. Digər böyük iddiada olanlar səslərini kəsiblər, çünki böyük düşünə bilmirlər”.
Müsahibimizin fikrincə, delimitasiya prosesi həyata keçiriləcək:
“Ermənistan özünəməxsus olanları sübut etmək üçün sənədlər ortaya qoymalıdır. Bu, növbəti mərhələnin işidir. Biz bizə məxsus olanları istəməkdən çəkinməməliyik. 99 faiz olanlardan danışmır. Güclü və qalib gələn tərəf bizik, ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzaladıq. Ermənistan gələcəkdə Paşinyan hakimiyyəti altında Azərbaycanla əlaqə qurarsa, bu, onlar üçün müsbət olar. Erməni cəmiyyətində baş verənlərin əleyhinə olanlar var. Onların bu geri zəkalı düşüncəsinə görə Ermənistan dalana dirənib”.
Səxavət Məmməd