Sülh sazişi, yoxsa müharibənin yeni fazası? – Politoloqdan proqnoz
“Onlar 60 gün sonra Trampa bu sualı verəcəklər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin (DANİB) sədri, politoloq Elməddin Behbud bildirib.

Politoloq ABŞ və İran liderlərinin elektron formatda sülh sazişi imzalaması və bundan sonra baş verəcək proseslər barədə danışıb:
“Hər iki dövlətin rəsmilərinin o qədər çox qeyri-ciddi bəyanat, açıqlama və mesajı var ki, mövcud vəziyyətdə həqiqətlə saxta informasiyaları ayırd etmək çox da asan deyil.
Ancaq artıq postmüharibə dövrünü formalaşdıracaq şərt və qaydaların rəsmiləşməsindən sonra bizə bunu şərh etmək qalır.
C.Vens İranın Hörmüz boğazından gəmilərin keçməsinin yalnız 60 gün pulsuz olacağı xəbərini təsdiqləyib. Deməli, bu tarixdən sonra İran və Oman adıçəkilən boğazdan keçən gəmilərdən rüsum almağa başlayacaqlar. Bu, təbii ki, logistik xərcləri artıracaq və yekunda gəmi nəqliyyatı ilə daşınan malların maya dəyərini, xərclərini yüksəldəcək. Bu da öz növbəsində bahalaşmaya səbəb olacaq. Halbuki hamımız bilirik ki, cari ilin fevral ayına qədər Hörmüz boğazından gəmilərin keçidi tamamilə ödənişsiz əsasda həyata keçirilirdi. Güman ki, böyük şirkətlər lobbi qrupları vasitəsilə bu sualı ABŞ prezidentinə verəcəklər.”
E.Behbudlu qeyd edib ki, hazırkı sülh nisbətən kövrək xarakter daşıyır və 60 gün ərzində pozula bilər:
“Eyni zamanda, Tramp gecə bir daha İranı hədələyib və bildirib ki, əgər onlar sazişin şərtlərinə əməl etməsələr, yenidən bombardman olunacaqlar.
Həmçinin, 300 milyardlıq investisiyanın İran iqtisadiyyatına necə, hansı mənbələr və şərtlər əsasında qoyulacağı da suallar doğurur. Doğrudur, sazişi hər iki ölkənin prezidenti elektron formada imzalayıb və sənəd qüvvəyə minib. Ancaq mən bu sazişin bütün bəndlərinin icra olunacağına çox skeptik yanaşıram. Hesab edirəm ki, 60 gün ərzində ABŞ-ın təqvimində olan bir çox məlum hadisə başa çatdıqdan sonra İranla müharibənin növbəti fazasına keçid ediləcək. ABŞ-ın uzun dövr ərzində antoqonist münasibətdə olduğu İrana bu qədər güzəşt etməsi və onun daimi qüvvədə qalması yəqin ki, tərəflərin güc balansına təsirindən asılı olacaq. Bu cəhətdən, hazırda müharibənin qəti şəkildə bitməsindən daha çox, hazırkı mərhələnin sülhlə yekunlaşmasını demək mümkündür.”
Nurlan Cəfəri













