“Sülh sazişi, ən azı, çərçivə sazişi olmadan Rusiya, İran, Fransa kimi qüvvələr bölgədə istədiklərinə nail olmağa çalışacaqlar”.
Bu sözləri Ermənistanla Azərbaycan arasındakı gərginlik, sülhə mane olan qüvvələr və prosesin gedişini Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, regionda sülhün olmasına istəməyən qüvvələr gərginliyi artırır:
“Ötən il münbit şərait var idi, ən azı, çərçivə sazişi imzalana bilərdi. Tərəflərin tələblərini də zamana buraxmaq olardı. Bu əldən çıxdı. Son vaxtlar Rusiyanın ritorikasında Ermənistan Azərbaycan arasında danışıqlarla dəstək verə bilərlər deyərək fikirlər səslənir”.
Siyasətçi bəyan edib ki, sülh sazişini rədd edən Rusiya, İran, o cümlədən Fransa var:
“Azərbaycanda nə qədər anti-amerika ritorikası olsa da, ABŞ-dən pozitiv mesaj var idi ki, sülh sazişini bağlayın, biz də dəstək veririk. Belə olan halda iki müharibə aparan dövlət arasında bir sənəd yoxdursa, üçüncü qüvvələr bura girmək üçün gərginliyin qalmasında maraqlı olacaqlar. Rusiyanın Ermənistanda həbi bazası var, iqtisadi təsir gücü var, siyasi liderləri var”.
Z. Məmmədli söyləyib ki, Azərbaycan güc nümayiş etdirir və əgər qarşı tərəf də güc nümayişi etmək istəyəcəksə, burada gərginlik davam edəcək:
“Azərbaycan batmaqda olan Rusiya gəmisinin bu regionda ayaq açmasına imkan verməməlidir, islam adı altında insanları istismar edən molla rejiminin bölgədə gərginlik yaratmaq imkanlarını əlindən almalıyıq. Sülh sazişi, ən azı, çərçivə sazişi olmadan bu cür qüvvələr bölgədə istədiklərinə nail olmağa çalışacaqlar. Bu məsələni aradan qaldırmaq üçün Azərbaycanın üzərinə son dərəcə ağır yük düşür”.
Səxavət Məmməd
www.yenicag.az