!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların yarıtmaz fəaliyyəti: "Erməni silahlılarının terror təxribatları sonlanmasa..."

!Reklam – Yazi

“İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyətləri sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirməsinə münasibət bildirən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə hərbi əməliyyatların keçirilməsi mümkündür:

“Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir. Azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir.

Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarını əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi.

Rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək.

Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi.

İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi.

Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər”.

Gülşən Şərif

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv