Rusiya Polşaya hücum edəcək? – Qərbin "2030 ssenarisi" və pərdəarxası geosiyasi HESABLARI/TƏHLİL

media-hightechnic-468x90

“Rusiya Polşaya hücum etsə, NATO-nun cavabı daha dağıdıcı olacaq.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

media-murteza_1-2

Politoloq Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun rəhbər şəxslərinin qurumu Polşa riski ilə bağlı xəbərdarlıq etməsini geniş şərh edib.

Politoloq hesab edir ki, bəli, Rusiya Ukraynadan sonra Polşanı hədəfə qoya bilər:

“Son illərdə Qərb siyasi dairələrində, NATO rəhbərliyinin çıxışlarında, Avropa paytaxtlarının təhlükəsizlik gündəmində və Qərb mediasında bir tezis getdikcə daha çox səslənir Rusiya Ukrayna ilə kifayətlənməyə bilər və qarşıdakı illərdə NATO-nun şərq cinahına, ilk növbədə Baltikyanı ölkələrə, Polşaya, hətta Şimali Avropanın bəzi istiqamətlərinə qarşı təhdid yarada, hibrid hücumlar təşkil edə və ya hərbi avantüraya əl ata bilər. Bu iddialar artıq tək-tük ekspert rəyi səviyyəsini keçib. Bu fikirləri artıq NATO-nun baş katibi Mark Rütte, Polşa və Baltik ölkələrinin rəhbərləri, Almaniya və digər Avropa ölkələrinin rəsmləri müxtəlif formalarda gündəmə gətiriblər. Qərbdə formalaşan ümumi qənaət budur ki, əgər Rusiya Ukraynada dayanmasa, qarşıdakı bir neçə il, xüsusən də 2030-cu ilədək olan dövr Avropa təhlükəsizliyi üçün həlledici mərhələyə çevrilə bilər.

Lakin bu tezisə yalnız bir müstəvidən baxmaq düzgün olmaz. Burada həm real təhlükə ehtimalı var, həm də Qərbin öz geosiyasi məqsədləri üçün istifadə etdiyi siyasi-strateji xətt mövcuddur. Yəni Rusiyanın NATO ölkələrinə mümkün hücumu barədə ritorika bir tərəfdən təhlükəsizlik reallığından doğursa, digər tərəfdən Qərbin öz daxilində hərbi-siyasi səfərbərlik, müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyanın uzunmüddətli zəiflədilməsi üçün istifadə etdiyi güclü arqumentə çevrilib.

Moskva 2030-cu ilə qədər NATO üçün birbaşa riskə çevrilə bilər kimi ən sərt bəyanatlardan birini NATO-nun baş katibi Mark Rütte səsləndirib. O bildirib ki, Rusiya beş il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər və alyans buna cavab olaraq müdafiə imkanlarında “kvant sıçrayışı” etməlidir. Rütte açıq şəkildə vurğulayıb ki, “hamımız indi şərq cinahındayıq” və təhlükə Ukrayna müharibəsi bitsə belə aradan qalxmayacaq. Onun Londondakı çıxışı Qərbdə artıq formalaşan əsas düşüncəni ifadə edirdi ki, Moskva Ukraynada dayanmasa, növbəti hədəf NATO ərazisi də ola bilər.

Bu xətti gücləndirən bəyanatlar təkcə NATO rəhbərliyindən gəlmir. Polşada səfərdə olan Mark Rütte bir daha bildirdi ki, əgər Rusiya Polşaya və ya digər NATO üzvünə hücum etmək kimi “hesab səhvi” etsə, alyansın cavabı “dağıdıcı” olacaq. Bu ifadə təsadüfi deyildi; o, həm Moskvanı çəkindirməyə, həm də şərq cinahı ölkələrinə siyasi təminat verməyə hesablanmışdı. Eyni zamanda Polşa, Baltik ölkələri və Almaniyanın təhlükəsizlik strukturlarından da oxşar xəbərdarlıqlar gəlib. Almaniyanın xarici kəşfiyyat rəhbərliyinin Rusiya tərəfindən NATO-nun 5-ci maddəsininin “sınaqdan keçirilməsi” ehtimalından danışması, Baltikyanı ölkələrin hibrid təxribatlar barədə açıq siqnallar verməsi bu narahatlığın artıq sistemli xarakter aldığını göstərir.”

Politoloq qeyd edib ki, Zelenski dəfələrlə Avropa liderlərini bu barədə məlumatlandırıb və onları Ukraynaya yardım edərək həm də Polşaya hücumun qarşısını almağa çağırıb:

“Bu tezisi gücləndirən digər məqam Ukrayna Prezidenti Volodimir Zelenskinin və bir sıra Şərqi Avropa liderlərinin ardıcıl xəbərdarlıqlarıdır. Onların mesajı aydındır: əgər Rusiya Ukraynada durdurulmasa, Kreml daha geniş geosiyasi avantüraya cəhd göstərə bilər. Burada xüsusilə Baltikyanı region, Polşa, Suvalki dəhlizi və ümumilikdə NATO-nun şərq cinahı ən həssas məkan kimi göstərilir. Qərbin təhlükəsizlik düşüncəsində belə bir yanaşma getdikcə möhkəmlənir: Rusiya Ukraynada məğlub edilməzsə və ya ən azı dayandırılmazsa, o zaman bu müharibə Avropanın daha geniş təhlükəsizlik böhranına çevrilə bilər.

Birincisi, Rusiyanı qlobal və regional təhlükə kimi çərçivələmək. Lakin məsələ yalnız hərbi riskdən ibarət deyil. Rusiyanın NATO ölkələrinə mümkün hücumu barədə tezislərin arxasında Qərbin siyasi-strateji hesabı da var. Birinci mühüm məqam odur ki, Qərb bu ritorika ilə Rusiyanı beynəlxalq aləmdə təkcə Ukraynaya təcavüz etmiş dövlət kimi deyil, bütövlükdə Avro-Atlantik təhlükəsizlik sisteminə, regional sabitliyə və qlobal qaydalara təhdid yaradan ölkə kimi təqdim etməyə çalışır.

Bu, Moskvanın beynəlxalq legitimliyini daha da zəiflətmək, onu daha sərt sanksiyalar və daha geniş təcrid siyasəti üçün “uyğun hədəf”ə çevirmək məqsədi daşıyır. Ukraynaya hücum bir ölkəyə qarşı müharibə kimi təqdim olunduqda bu, regional münaqişə kimi qavranıla bilər. Amma eyni Rusiya NATO-nun şərq cinahı üçün də gələcək təhlükə kimi təsvir ediləndə artıq söhbət təkcə Ukraynadan yox, bütün Avropanın təhlükəsizliyindən gedir. Qərb məhz bu çərçivəni qurmağa çalışır: Kreml yalnız Kiyevin problemi deyil, Varşavanın, Vilnüsün, Tallinin, Riqanın, hətta Berlinin və Parisin də təhlükəsizlik problemidir.

İkincisi, Rusiyanı hərbi, iqtisadi və siyasi baxımdan “zərərsizləşdirmək”. Rusiyanın NATO üçün potensial təhlükə kimi təqdim olunması Qərbin daha geniş strateji məqsədinə – Moskvanın uzunmüddətli zəiflədilməsinə də xidmət edir. Bu məntiqə görə, əgər Rusiya yaxın illərdə NATO üçün təhlükə yarada biləcək gücdə qalırsa, deməli, onu indidən həm hərbi baxımdan yormaq, həm iqtisadi baxımdan boğmaq, həm də texnoloji və sənaye baxımından zəiflətmək lazımdır. Qərbin Ukraynaya silah yardımı, Rusiyaya qarşı sanksiyaların uzadılması və genişləndirilməsi, enerji və maliyyə təcridinin davam etdirilməsi, dondurulmuş aktivlərdən istifadə müzakirələri məhz bu strateji xəttin tərkib hissəsidir.

Başqa sözlə, “Rusiya sabah NATO-ya hücum edə bilər” tezisi təkcə xəbərdarlıq deyil; o, Moskvanın indidən zəiflədilməsinin siyasi əsaslandırılmasıdır. Bu tezis Qərbə belə bir arqument verir: Ukraynaya dəstək sadəcə Kiyevi müdafiə etmək deyil, əslində Varşavanı, Baltikyanı regionu, Şimali Avropanı və bütövlükdə Avro-Atlantik məkanı gələcək müharibədən qorumaqdır. Yəni Ukrayna cəbhəsi Qərb tərəfindən getdikcə daha çox “Rusiyanın qarşısını alan ön xətt” kimi təqdim olunur.

Üçüncüsü, Qərb cəmiyyətlərini səfərbər etmək və müdafiə xərclərini artırmaq. Bu ritorikanın başqa bir funksiyası Qərbin öz daxili auditoriyasına hesablanıb. Son onilliklərdə Avropa ölkələrinin əhəmiyyətli hissəsi təhlükəsizliyi ABŞ və NATO çətiri altında “hazır məhsul” kimi qəbul edirdi. Müdafiə sənayesi zəifləyir, silah ehtiyatları azalır, hərbi xərclər siyasi baxımdan populyar olmayan mövzuya çevrilirdi. Ukrayna müharibəsi bu rahatlığı dağıtdı, amma Qərb paytaxtları üçün cəmiyyətləri daha böyük hərbi xərclərə razı salmaq hələ də asan deyil.

Məhz burada “Rusiya 2030-a qədər NATO ərazisinə hücum edə bilər” tezisi çox funksional alətə çevrilir. Bu, hökumətlərə müdafiə büdcələrini artırmaq, hərbi sənayeni genişləndirmək, ehtiyat sistemlərini bərpa etmək, hava hücumundan müdafiə və raketdən müdafiə layihələrinə milyardlar ayırmaq üçün ictimai legitimlik verir. Rüttenin “kvant sıçrayışı” çağırışı, Avropa ordularının daha sürətli silahlanması ilə bağlı müzakirələr, NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsi, yeni müdafiə planları və sənaye sifarişlərinin artması məhz bu kontekstdə baş verir. Avropa orduları Rusiyanın yenidən toparlanması ehtimalına görə müharibə aparma üsullarını yenidən düşünür, daha çox hava müdafiəsi, ucuz kütləvi istehsal olunan silahlar və sürətli hazırlıq modellərinə keçir.

Dördüncüsü, Ukraynaya dəstəyi “Avropanın özünü müdafiəsi” kimi təqdim etmək. Qərbdə bu təhlükə tezisinin ən mühüm funksiyalarından biri də Ukraynaya yardımın siyasi əsaslandırılmasıdır. Çünki müharibə uzandıqca ABŞ-da və Avropada “yorğunluq”, xərclərlə bağlı narazılıq və kompromis axtarışları güclənir. Belə şəraitdə Ukraynaya milyardlarla dollar və avro dəstəyin davamı üçün təkcə “Ukraynanı müdafiə edirik” arqumenti kifayət etmir.”

M. Bünyadlı Ukraynaya yardım etməyi NATO-nun əslində qurumun gələcək müqəddəratının həlli kimi gördüyünü diqqətə çatdırıb:

“Bunun yerinə daha böyük çərçivə qurulur: Ukraynaya yardım əslində Avropanın öz sərhədlərini, NATO ölkələrinin təhlükəsizliyini və gələcək müharibənin qarşısını almaq üçün verilir.

Bu məntiq Zelenskinin çıxışlarında da açıq görünür. Kiyev uzun müddətdir Qərbə anlatmağa çalışır ki, Ukrayna təkcə öz uğrunda deyil, bütövlükdə Avropa təhlükəsizliyi uğrunda döyüşür. Qərb liderlərinin bir hissəsi də artıq bu xətti mənimsəyib. Beləliklə, “Rusiya sabah Baltikyanı ölkələrə və ya Polşaya yönələ bilər” tezisi Ukraynaya dəstəyin mənəvi və siyasi əsasını daha da gücləndirir.

Beşincisi, NATO daxilində birliyi qorumaq və ABŞ-ni Avropada saxlamaq. Rusiyanın mümkün hücumu ilə bağlı ritorika NATO-nun daxili birliyi baxımından da əhəmiyyətlidir. Son illərdə alyans daxilində ciddi gərginliklər yaranıb: ABŞ-də müttəfiqlərin “yetərincə pul xərcləmədiyi” ilə bağlı narazılıqlar, Avropanın ABŞ-dən həddindən artıq asılılığı, Fransa və Almaniyanın “strateji muxtariyyət” xətti, Türkiyə ile bir sıra üzvlər arasındakı fikir ayrılıqları, Ukraynaya dəstəyin miqyası ilə bağlı fərqli mövqelər və s. Belə şəraitdə “ortaq təhlükə” narrativi NATO-nu bir yerdə saxlamaq üçün ən güclü yapışdırıcı rolunu oynayır.

Rusiya təhdidi NATO üçün həm siyasi, həm psixoloji, həm də institusional birləşdirici amildir. Bu təhlükə nə qədər böyük göstərilirsə, alyans daxilində parçalanma meyillərini cilovlamaq, Avropa ölkələrini daha çox silahlanmağa məcbur etmək və ABŞ-ni Avropanın təhlükəsizliyində qalmağa inandırmaq bir o qədər asan olur. NATO hazırda həm Rusiya təhdidini çəkindirməyə, həm də ABŞ-nin alyans daxilində öhdəliklərini qoruyub saxlamağa çalışır. Yəni “Rusiya təhlükəsi” təkcə xarici təhlükə deyil, eyni zamanda NATO-nun daxili siyasi yapısını bir arada saxlayan mexanizmdir.

Amma təhlükə tamamilə uydurma da deyil. Bütün bunlar o demək deyil ki, Rusiyanın NATO üçün yaratdığı təhlükə yalnız manipulyasiyadır. Təhlükə elementini tam inkar etmək də analitik baxımdan səhv olar. Əksinə, riskin real komponentləri var. Birincisi, Rusiya son illərdə açıq şəkildə hərbi gücdən istifadə etməklə sərhədləri dəyişdirməyə hazır olduğunu göstərib. Gürcüstan, Krım, Donbas, Ukraynaya qarşı tammiqyaslı işğal – bunların hamısı Moskvanın klassik çəkindirmə məntiqindən kənara çıxa bildiyini göstərir. İkincisi, Kreml Ukraynada məğlubiyyətlə barışmayan, geosiyasi geri çəkilməni qəbul etməyən və imperiya düşüncəsini tam tərk etməyən siyasi mərkəz olaraq qalır. Belə bir sistemin riskli davranışlara meyl göstərməsi mümkündür.

Üçüncüsü, Rusiyanın NATO-ya qarşı mümkün addımı mütləq böyükmiqyaslı tank hücumu formasında olmaya bilər. Əksinə, daha real ssenari hibrid təxribatlar, sərhəd insidentləri, hava məkanının pozulması, kiberhücumlar, enerji və infrastruktur sabotajı, Baltik dənizi və ya Suvalki dəhlizi ətrafında məhdud gərginlik yaratmaq, NATO-nun reaksiyasını yoxlamaq ola bilər. Qərb təhlükəsizlik dairələrində “tam işğal”dan çox “sınaq xarakterli məhdud toqquşma” və ya “provokasiya ilə 5-ci maddənin test edilməsi” ssenarisi daha çox müzakirə olunur. Məhz buna görə Baltikyanı ölkələr və Polşa bu riskə xüsusi həssas yanaşır.

Moskvanı çəkindirən əsas amil: nəticələrin fəlakətli ola biləciyi anlayışı. Bununla yanaşı, Kremlin qarşısında çox ciddi məhdudiyyətlər də var. Rusiya yaxşı anlayır ki, NATO ərazisinə birbaşa hücum artıq Ukrayna müharibəsindən tamamilə fərqli səviyyədə qarşıdurma deməkdir. Bu, yalnız Polşa və ya Baltik ölkələri ilə toqquşma deyil, hüquqi baxımdan bütün alyansla müharibə riskidir. Belə ssenarinin nəticələri Moskva üçün son dərəcə ağır ola bilər: daha dağıdıcı sanksiyalar, iqtisadi təcridin tam dərinləşməsi, hərbi cavab, daxili resursların daha sürətli tükənməsi və beynəlxalq sistemdə daha sərt bloklaşma.

Başqa sözlə, Kreml bir tərəfdən riskli addımlar ata biləcək aktordur, digər tərəfdən isə bu addımların qiymətini də hesablayır. Ona görə də ən real ssenari birbaşa genişmiqyaslı NATO-Rusiya savaşı yox, təzyiq, qorxutma, hibrid təxribat və məhdud hərbi-siyasi testlər ola bilər. Qərb də məhz buna hazırlaşır və bu hazırlığı daha böyük strateji çərçivəyə yerləşdirir.

Nəticə etibarı ilə Qərbin ritorikası həm manipulyasiya alətidir, həm də real təhlükəyə cavabdır. Rusiyanın NATO-nun şərq cinahına mümkün hücumu ilə bağlı Qərbdə yayılan fikirlər nə tamamilə təmiz təhlükəsizlik qiymətləndirməsidir, nə də sırf siyasi manipulyasiya. Burada hər iki element var. Bir tərəfdən Qərb bu tezisdən Rusiyanı daha aqressiv, daha təhlükəli, daha sistemli təhdid kimi təqdim etmək, Moskvanı zəiflətmək, sanksiyaları sərtləşdirmək, Ukraynaya yardımı əsaslandırmaq, müdafiə xərclərini artırmaq və NATO daxilində birliyi saxlamaq üçün istifadə edir. Digər tərəfdən isə təhlükənin real əsasları da mövcuddur: Kreml məğlubiyyətlə barışmayan, revizionist, hərbi gücdən istifadə təcrübəsi olan və Qərbin iradəsini sınaqdan keçirməyə meylli aktor olaraq qalır.

Ona görə də məsələni yalnız “Qərb qorxu yaradır” və ya yalnız “Rusiya sabah hücum edəcək” kimi sadələşdirmək düzgün olmaz. Daha doğru yanaşma budur: Qərb Rusiyanın yaratdığı real təhlükəni siyasi-strateji alətə çevirib və bu alət vasitəsilə həm Moskvanı çəkindirməyə, həm öz cəmiyyətlərini səfərbər etməyə, həm də Avro-Atlantik təhlükəsizlik sistemini yenidən toplamağa çalışır. Qarşıdakı illərdə əsas sual isə belə olacaq: Kreml bu çəkindirmə xəttini ciddi qəbul edib geri çəkiləcək, yoxsa məğlubiyyət və təcrid dərinləşdikcə daha riskli, daha avantürist addımlara əl atacaq?”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05