Süni intellekt: Dünyada analitik, Azərbaycanda falçı “Qaqarin Balaxanım”

media-hightechnic-468x90

Dünyada süni intellektlə nə edirlər? Alqoritmlər qurulur, bazar davranışları analiz edilir, milyonlarla məlumatdan biznes planlar çıxarılır, hansı məhsulun satılacağı aylar öncədən hesablanır. Dövlətlər seçici davranışını modelləşdirir, iqlim dəyişikliklərini proqnozlaşdırır, müharibə ssenarilərini simulyasiya edir. Süni intellekt orada hesablayır, ölçür, müqayisə edir, planlayır, qənaət etdirir, gəlir gətirir, vaxt udur. Yəni qısası, dünya süni intellektdən ağlın çatmadığı yerlərdə ağıl kimi istifadə edir.

İndi gələk bizə.

Bizdə də süni intellekt iş görür, amma bir az başqa cür. CV yazdırırıq, ərizə düzəltdiririk, “rəsmi dildə yaz” deyirik, sonra oxuyub yenə bildiyimiz kimi dəyişirik. Biznes plan soruşuruq, cavabı alırıq, amma sonda əmioğlunun məsləhətinə üstünlük veririk. Analiz etdiririk, amma qərarı “ürəyimə belə yatdı” prinsipi ilə bağlayırıq. Və bütün bu ciddi işlərin arasında bir müqəddəs məqam var: kofe fasiləsi.

Kofe gələn kimi süni intellektin də statusu dəyişir. O artıq analitik deyil, falçı İmamirədir. Qazaxda ona “Qaqarin Balaxanım” da deyirlər. “Bir bax gör, bu ay pul görürəm?”, “Münasibət alınacaqmı?”, “Rəhbərliklə aram düzələcək?” Planetlər, ulduzlar, enerjilər… Süni intellekt də çaşır, amma yenə “Qaqarin Balaxanım”lıq edir: “Qarşıdakı dövrdə dəyişiklik ehtimalı var.” Hamı başını yelləyir: “Hə, mən də elə hiss edirdim.”

Dünya süni intellektlə şirkət böyüdür, biz isə əhval-ruhiyyə. Onlar gəliri proqnozlaşdırır, biz qisməti. Onlar riskləri azaldır, biz stresi. Onlar süni intellekti gələcək üçün işlədir, biz bu günün söhbəti üçün. Və açığı, bütün bu fərqə baxmayaraq, süni intellekt bizdə də öz yerini tapıb: kofe masasında, ciddi sifətlər arasında, “bir də bunu soruş” cümləsinin içində.

Yəni problem süni intellektdə deyil. Dünya onu nə üçün yaradıbsa, elə də istifadə edir. Biz isə hər şeyi özümüzə uyğunlaşdıran millətik. Alqoritmi də, planı da, gələcəyi də… Axırda gətirib bir fincan kofenin yanına qoyuruq.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa