Süni intellekt TEXNOLOGİYASI: İntellektual çevriliş, yoxsa işsizlik QORXUSU?

media-hightechnic-468x90

“Süni intellekt insana xidmət edən alətdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib.

media-elvin

E. Abbasov III Şuşa Qlobal Media Forumunda süni intellektlə bağlı səslənən fikirləri, habelə süni intellektin böyük şirkətlərdə, qurumlarda işçi qüvvəsinə təsirini şərh edib.

Onun sözlərinə görə, süni intellekt haqqında bir çox yanlış anlaşılmalar, miflər, məlumat kirliliyi çoxdur:

“Süni intellekt insan mərkəzli texnologiyadır. İnsan ona reaksiya verməlidir və süni intellekt ona cavab verməlidir. Süni intellekt öz-özünə nə isə kəşf edib ixtira etmir, insan faktoruna söykənən texnologiyadır. Belə olunca süni intellektin inkişafı da insana köməkçi olaraq qalacaq. Təbii ki, korrektə kimi hərf düzəltmək, böyük bir məlumatı strukturlaşdırmaq, onu şərh etmək və s mümkün olacaq. Necə ki, insanda təbii intellekt varsa, süni intellektdə də süni intellekt var – adından da bəlli olduğu kimi. Hər bir halda, biz süni intellekti insanların köməkçisi kimi qəbul etməliyik. Əks halda, “süni intellekt özü hərəkətə keçəcək, hansısa işimizi əlimizdən alacaq” kimi yanaşmalar yanlışdır”.

İKT eksperti söyləyib ki, süni intellekt bütün sahələr üzrə istifadə edilə bilər:

“Süni intellekt insana xidmət edən alətdir. Hər hansı bankın analitika şöbəsində yüzlərlə yox, onlarla adamın işini əvəz edə bilər. Böyük tədqiqatlarda, böyük məlumat bazalarının istifadə olunmasında çox münbit köməkçi alətdir. Kosmik sənayedən, ən kiçik bizneslərə qədər və həmçinin dövlət qurumlarına süni intellektin töhfəsi var”.

Mütəxəssis onu da qeyd edib ki, süni intellekt iş yerlərində insanların işlərini mənimsəmir, onlara yardımçı olur:

“Süni intellekt heç kimin işini mənimsəmir. Birinci, ikinci, üçüncü, dördüncü sənaye inqilabında texnologiya dəyişdikcə, insanların vərdişləri dəyişdi. Bəzi peşələr sıradan çıxıb yeni peşələr yarandı. Süni intellekt dövründə də belə olacaq. Bəzi peşələr sıradan çıxacaq, amma onu süni intellekt deyil, dövr sıradan çıxaracaq. Bunların əvəzinə isə daha intellektual yeni peşələr yaranacaq”.

E. Abbasov süni intellektin media sahəsinə də təsir göstərəcəyini bildirib:

“Nəticə etibarilə bütün peşələrdə olduğu kimi, media sektoruna da təsiri olacaq. Misal üçün ilk sıradan çıxma ehtimalı olan peşə korrektədir. Süni intellekt olmasa belə, digər alqoritmlərlə də bu məsələ həll oluna bilir. Məsələn, Azərbaycanda “Dilmanc” vardı, tərcümə edərkən korrektə də edirdi. Süni intellekt isə redaktəni belə düzəldir. Hər bir halda, süni intellekt elə bir alətdir ki, bir çox məsələni həll edə bilir və bütün peşələrə töhfə verdiyi kimi jurnalistika peşəsinin də inkişafına dəstək olacaq”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600