Zərdüşt Əlizadə: “Atəşkəs rejimi Əsədə nəzarət etdiyi ərazilərdə möhkəmlənməyə imkan verir”
Suriyada artıq bir həftədir ki, atəşkəs rejimi hökm sürür. İŞİD və Əl-Nüsrə cəbhəsi istisna olmaqla digər qüvvələr arasında hərbi əməliyyatlar dayandırılıb. Maraqlıdır indiki şəraitdə atəşkəs rejimi hansı qüvvələr üçün daha sərfəli varinatdır? Yəni onun ela edilməsi Əsədə, yoxsa, müxalif qüvvələrə daha sərfəlidir?
Yenicag.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, atəşkəsin elan edilməsi daha çox Əsəd hakimiyyətinin maraqlarına cavab verir: “Hazırda Suriyada atəşkəsin elan edilməsi birinci növbədə Bəşər Əsəd üçün xeyirlidir. Çünki atəşkəs rejimi ona imkan verir ki, nəzarət etdiyi ərazilərdə öz hakimiyyətini möhkəmləndirsin. Habelə 4 illik müharibədə əldən düşən, xeyli itkilərə məruz qalan ordusunu yenidən qurmağa imkan verir. Həmçinin imkan verir ki, dünyaya özünün nəzarət etdiyi ərazilərdə qanunun işlədiyini, digər dil və dinlərə hörmətlə yanaşıldığını göstərsin. Belə bir şəraitdə onun üçün atəşkəsi pozmağa heç bir əsas yoxdur. Atəşkəs əl vermir o qüvvələrə ki, onların dağıtmaqdan başqa heç bir məqsədi yoxdur. Yəni İŞİD-lə, Əl-Nüsrə cəbhəsinə əl vermir. Hətta bu atəşkəs Qərbin dəstəyilə fəaliyyət göstərən Azad Suriya Ordusuna da əl vermir. Çünki onların əlləri boşdur, Suriya xalqına təklif edəcəkləri heç nələri yoxdur. Amma Əsədin bu ilin aprelinə parlamentə seçkilər təyin etməsi də səhv addımdır. Çünki vətəndaş müharibəsinin getdiyi ölkədə hansı seçkilərdən söhbət gedə bilər? Müharibə gedən ölkədə keçiriləcək seçki məlum məsələdir ki, azad, ədalətli və şəffaf olmayacaq”.
ELÇİN
www.yenicag.az