Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatrların fəaliyyətinin bərpa olunmayacağı ilə bağlı açıqlama sənət adamlarını özündən çıxarıb.
Gənc Tamaşaçılar Teatrının aktrisası Sima Ağakişiyeva Yenicag.az-a açıqlamasında artıq dözə bilmədiyini, səhnəsiz məhv olduğunu bildirib.
“Bütün dünyada pandemiya hökm sürür, amma hər yerdə teatrlar açıqdır. Məsafə gözləmək şərti ilə aktyora şərait yardırlar ki, səhnədən uzaq düşməsin. Eləcə də tamaşaçı teatr zövqündən məhrum olmasın. Amma bizdə teatrlar qapalıdır. İndi durub deyəcəklər ki, maaşınızı ki kəsmirik, pulunuzu alırsınız. Amma biz bu sənətə yalnız pul qazanmaq üçün gəlməmişik axı. Bu, bir eşqdir ki, onu səhnədə tapmışıq. Axı məvacib almaqla o eşqə çata bilmirik. Amma bizim sevgimiz, eşqimiz kəsildi axı. Teatrın aktyorları pərən-pərən düşüb, hərə bir tərəfdə başını saxlayır. Mən sənət yoldaşlarımı da qınayıram. Fəxri ad almaq üçün özünüzü öldürürdünüz, bəs indi niyə səsinizi çıxarmırsınız ki, açın teatrları, biz teatrsız yaşaya bilmirik, boğuluruq. Dayanmadan yazın, necə ki, fəxri ad almaq istəyəndə durmadan yuxarılara yazırdınız.
Biz sənət adamları məhv oluruq, bu dərəcədə olmaz. Bizi öldürmək, qırıb məhv etmək istəyirlər? Məqsədiniz nədir? Həbsxana şəraitindəyik. Teatr adamları qapalı təcridxanadadır. Bir ildən artıqdır ki, səhnəyə həsrət qalmışıq, tamaşaçı üzü görmürük. Buna bir çarə qılınmalıdır axı”.
Cəvahir
www.yenicag.az