Tanınmış alimin həyat yoldaşı həbs edildi: "Protokolu hədə-qorxu altında imzalamağa məcbur olub" - İnam Kərimova MÜRACİƏT

media-hightechnic-468x90

Tanınmış alim, Təhsil İnstitutunun Əlavə təhsilin məzmunu şöbəsinin keçmiş müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova Ali Məhkəmənin sədri İnam Kərimov və baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, Könül Nəhmətova həyat yoldaşının şərlənərək həbs edildiyini bildirib.

“Mən Sizə bir Azərbaycan qadını, jurnalist, pedaqoq, elm və təhsil işçisi, üç övlad anası kimi müraciət edərək kimlərinsə sifarişi ilə, heç bir sübut olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini satma ittihamı ilə şərlənərək tutulan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə barəsində AR CM-nin 234.4.3 maddəsi ilə olan cinayət işinə baxılan Nəhmətov Azad Adil oğlunun həyat yoldaşı kimi müraciət edərək onun barəsində olan qurama cinayət işini nəzarətə götürmənizi və iş üzrə ədalətli, obyektiv qərar qəbul edilməsini təmin etmənizi xahiş edirəm”, – deyə bildirən alimin sözlərinə görə, həyat yoldaşı Azad imanlı bir şəxs olmaqla heç bir vaxt spirtli içki içməmiş, dərdi olmadıqca, hətta siqaret belə çəkməmişdir ki, nəinki narkotik vasitədən istifadə etsin, ya da kimə isə satsın:

“O, nümunəvi bir valideyn kimi həm öz övladlarının, həm də ahıl, xəstə ata və anasının qayğısını çəkən, ailəsi üçün yaşayan bir şəxsdir. Onun hər hansı bir zərərli vərdişi belə olsaydı, ən azından mənim xəbərim olardı. Bu günə kimi onun nə üçün şərlənib tutulması bizim ailəmiz üçün bir müəamma olaraq qalır.

Məhkəmə baxışının gedişində müqavilə əsasında tutduğumuz vəkil 03.10.2024-cü il tarixdə Nəhmətov Azad Adil oğlu ilə saxlandığı BİT-də görüşərkən Azad vəkilinə ona verilən ittihamın tamamilə saxta olmaqla metamfetamini Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub bölməyə gətiriləndən sonra üzərində axtarış aparılmazdan əvvəl üzərinə qoyulduğunu, ittiham aktında yazılanların işin həqiqi hallarına zidd olmaqla həqiqəti əks etdirmədiyini, istintaq zamanı onun adından yazılan ifadələri, o cümlədən üzərində aparılan şəxsi axtarışı əks etdirən protokolu 6-cı PB-nin rəisi Cövdət və əməliyyat müvəkkili Vüqar Cavadov tərəfindən ona edilən psixoloji təzyiq və 85 yaşlı xəstə atası Adilin yaşadığı evdə axtarış aparılıb odlu silah tapacaqları hədə-qorxusu altında imzalamağa məcbur olduğunu demişdir.

O həmçinin istintaq zamanı qorxusundan heç bir şikayət etməmiş, məhkəmə baxışında həqiqəti söyləyib bəraət alacağını düşünmüş və məhkəmədə heç bir cinayət əməli törətməməsini, üzərindən tapılması qeyd olunan metamfetamini 6-cı PB-də üzərinə qoyulduqdan sonra müdafiəçinin iştirakı olmadan 28 fevral 2024-cü il tarixdə saat 15:30-da deyil, saat 21 radələrində üzərində axtarış aparıldığını, onun tutulmasında və saat 15:30-da üzərində axtarış aparılmasında iştirak etməsi göstərilən sahə müvəkkili Nəsimi Əliyevi saat 21 radələrində üzərində faktiki olaraq axtarış aparılanda gördüyünü, müdafiəçini görmədiyini, müdafiəçinin ona təqdim edilməməsini, müdafiəçinin iştirakı ilə heç bir sənədə imza etmədiyini, həmin sənədləri sonradan ona təklikdə imza etdirdiklərini, hətta istintaqın başa çatmasında da müdafiəçinin iştirak etmədiyini, cinayət işinin materialları ilə nə təklikdə, nə də müdafiəçi ilə birlikdə  tanış olmadığını, müstəntiqin ona, sadəcə, sənədləri imza etdirdiyini bildirmişdir”.

Könül Nəhmətova qeyd edib ki, müdafiəçinin mobil telefonlara dair çıxarışların anten məlumatları da göstərilməklə alınması barədə vəsatəti əsassız olaraq təmin edilməyib:

“Hörmətli İnam müəllim, həyat yoldaşım Azad Nəhmətovun barəsində olan cinayət işində o qədər kobud qanun pozuntularına yol verilib ki, saymaqla bitməz. Ona görə də bir daha Sizdən onun barəsində olan cinayət işini öz nəzarətinizə götürmənizi, vəkilimizin verdiyi vəsatətlərin təmin edilməsini və sonda obyektiv və ədalətli hökm çıxarılmasını təmin etmənizi xahiş edirəm”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600