Tanınmış aparıcıdan ETİRAF: “Çox cəhd etsə də, o millət vəkilini verilişimə çağırmadım”
“Qonaqlarla öncədən özüm görüşürəm; danışıb, tanış olub qərar verirəm. Heç zaman redaktorum olmayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Fəxriyyə Lilpar deyib.
O, “Verilişinizdə heç vaxt bayağı ifaçı görməmişik. Seçim edərkən qonaqlarda hansı kriteriyalara üstünlük verirsiniz?” sualını cavablandırarkən bildirib:
“Mənim üçün əsas kriteriya daxili zənginlik və mənəvi dəyərlərdir. ‘Bayağı’ ifadəsi əslində zövq meyarıdır və onun konkret etalonu yoxdur. Tanıdığım elə ifaçılar var ki, zamanında onları şəxsən mən də qəbul etməmişəm. Lakin bəzi tədbirlərdə ortaq görüşlərimiz olub və həmin insanlarla ünsiyyət qurduqca daxili zənginliklərinin şahidi olmuşam. Tam əmin olduqdan sonra isə onları verilişimə dəvət etmişəm. Qonaqlarla öncədən mütləq özüm görüşürəm; danışıb, tanış olub qərar verirəm. Heç zaman redaktorum olmayıb”.
Verilişində kiminsə qonaq olması üçün aparıcıya xahiş edənlər də az olmayıb: “Əlbəttə, xahişlər olub. Amma yenə də öncədən həmin şəxslə özüm tanış olmuşam və ‘onun müsbət tərəflərini cəmiyyətə necə daha yaxşı təqdim edə bilərəm’ deyə düşünərək qərar vermişəm”.
Aparıcı “Kimləri verilişinizə heç vaxt dəvət etməzsiniz?” sualına isə belə cavab verib:
“Adını çəkməyəcəyəm, artıq dünyasını dəyişib. Millət vəkili idi. Çox uzun müddət müxtəlif vasitələrlə verilişimə qatılmaq istədi, lakin onu çağırmadım. İndi də düşünürəm ki, bu, çox düzgün addım idi. Çünki bu həm cəmiyyətin səsi, həm də mənim vətəndaş mövqeyim idi”.
Cəvahir












