Tanınmış aparıcının SEÇİMİ: “Reytinq, yoxsa hörmət”, deyə soruşsalar...

media-hightechnic-468x90

“Reytinq, yoxsa hörmət deyə soruşsalar, əlbəttə, düşünmədən hörməti seçərəm. Hörmətsiz reytinqi lazımsız hesab edirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Fəxriyyə Lilpar deyib.

Aparıcı “Bir çox həmkarlarından fərqli olaraq, heç vaxt reytinq dalınca qaçmamısınız. Bəzən buna görə özünüzü qınadığınız məqamlar olur?” sualını cavablandırıb:

“Əvvəllər bu barədə çox düşünürdüm. Hətta bir çox məqamlarda özümü bacarıqsız da hesab edirdim. Amma zaman keçdikcə anladım ki, hər zaman dəyərli, qiymətli şeylər məhdud olur. Əlçatmaz olduğu üçün hər kəs ona çata bilmir. Dəyərlər, düşüncələr də belədir. Dünya təcrübəsində də bu belədir.

Hətta özümü sınamaq üçün qonşu kanalların birində həftə içi 5 gün, sosial-məişət mövzulu bir verilişdə aparıcı oldum. Orada reytinqə yönəlik bir neçə elementlər etdim. Reytinq cədvəlində məhz həmin buraxılışın nəticələrinə baxdıq. Reytinq qalxmışdı. Gördüm ki, bəli, bunu bacararam, bacardım da… Lakin bu, mənim yaradıcılıq ruhuma aiddirmi? Anladım ki, qətiyyən. Hətta o verilişə gələn qonaqlar belə mənə pərdəarxası: “Siz bura aid deyilsiniz”, deyib gedirdilər.

Bundan sonra artıq heç vaxt o barədə düşünmürəm. Reytinq, yoxsa hörmət deyə soruşsalar, əlbəttə, düşünmədən hörməti seçərəm. Hörmətsiz reytinqi lazımsız hesab edirəm”.

O, “Mədəni, intellektual olmağınız sizə maneə yaradır?” sualına da aydınlıq gətirib:

“Qətiyyən. Nəyə maneə yaratsın ki? Əksinə. Ümumiyyətlə, hər kəs öz qabında olmalıdır. Yəni adam öz əhatəsində özünü rahat hiss edir, realizə edə bilir. Məsələn, mən də ölkədə müxtəlif sahənin insanların bəzi tədbirləri, ad günləri, toylarında oluram. Görürsən ki, öz qabında olmayan adamla heç yumorun da tutmur, nəinki hansısa ortaq dəyərdən danışasan. Geyimindən tutmuş davranışına, səsinə qədər insanlarda seçiciyəm. Odur ki, öz əhatəmi rahatlıqla təyin edə bilirəm. Və bu mənə nəinki maneə, əksinə, daha da rahatlıq gətirir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa