“Sənət saç düzümü və geyim deyil e, dəbdən düşsün”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış bəstəkar Gövhər Həsənzadə deyib.
O, televiziya və radiolarda peşəkar musiqilərə meydan verilmədiyindən narazılığını ifadə edib:
“Təbliğat aparatı, yəni musiqinin təbliğatını aparan televiziya, radiolar seçim imkanı yaratmalıdır. 80 faiz peşəkar musiqilərə, 20 faiz də özfəaliyyət, yeni, amma maraqlı musiqilərə meydan verməlidir. Lakin belə deyil axı, balans pozulub. Bu gün mən yoxam efirlərdə, musiqilərimi səsləndirmirlər”.
Bəstəkar son vaxtlar tez-tez işlədilən “trend olan mahnılar” ifadəsinə də münasibət bildirib. O, dahi bəstəkarların musiqilərinin hər zaman gündəmdə olduğunu vurğulayıb:
“Mən, ümumiyyətlə, bu əcnəbi sözlərin əleyhinəyəm. Trend nədir? Gündəm. Trend mahnılar deyincə, elə deyin ki, gündəm mahnılar. Dahi bəstəkarların mahnıları gündəm deyil. Amma “Sudan gələn sürməli qız”, “Pəncərədən daş gəlir”, yaxud da digər məşhur mahnıları efirlərdə, radiolarda səsləndirsələr, bəyəm, camaat qulaq asmayacaq? Biz necə deyə bilərik axı belə məşhur əsərlər gündəmdən düşüb? Sənət saç düzümü və geyim deyil e, dəbdən düşsün. Musiqi heç vaxt dəyişmir, onun səslənməsi dəyişə bilər. Azərbaycan peşəkar musiqisi həmişə dəbdə olub. Çünki bu musiqi bizim canımızda, qanımızdadır. O mahnılar efirlərdə, radiolarda səsləndirilmir axı. Səsləndirilmir və bəhanə də gətirilir ki, bu mahnılar gündəm deyil”.
Cəvahir