Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri KEÇİRİLDİ – FOTO / VİDEO

media-hightechnic-468x90

Bu gün Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Son zəng” çalınıb. Məktəbdə “Əlvida, məktəb!” adlı vida tədbiri təşkil olunub.

Bugünkü məzunlar birinci sinfə qədəm qoyanda torpaqlarımızın 20 faizi işğal altında idi. Bu gün isə onlar Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizin canı, qanı bahasına Bütöv Azərbaycanın məzunları olaraq tarixə düşürlər.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə məktəbin direktoru Rəna Hüseynova, direktor müavini Nahid Fərəcov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürova, kimya laboratoriyası rəhbəri Xuraman Qəmbərova, kitabxana müdiri Sevinc İbrahimzadə, psixoloq Nərgiz Cavadova və müəllimlər – Təranə Qəhrəmanova, Mələk Səmədli, Gülsən Hümbətova, Təranə Əmiraslanlı, Niyaməddin Süleymanov, Kamalə Dadaşova, Nuranə Rzazadə, Zeynəb Qasımova, Züleyxa Abdullayeva, Lalə Şamxalı, Esmira Vəliyeva, Mədinə Hacı, Elman Muradın və digərləri iştirak ediblər.

Məktəbin direktoru Rəna Hüseynova çıxışında illərlə birlikdə addımladıqları şagirdləri məzun olaraq görməyin həm qürurverici, həm də kövrək hisslər yaşatdığını bildirib. O vurğulayıb ki, bu şagirdlər təkcə məktəbdən deyil, müəllimlərin qəlbindən də bir parça aparırlar:

“Siz bizim yalnız şagirdlərimiz deyil, həyatımızın 11 ilini bəzəyən bir parçamız oldunuz. İndi isə həyatın yeni mərhələsinə doğru ilk addımınızı atırsınız. Yolunuz açıq, uğurlarınız bol olsun!”

Şagirdlər ilk olaraq bütün müəllimlərinə 11 il boyunca göstərdikləri zəhmətə görə təşəkkür ediblər. Daha sonra söz 11 “A” sinfinin sinif rəhbəri Təranə Qəhrəmanovaya verilib. Təranə müəllimə çıxışında duyğularını belə ifadə edib:

“Bu vida mənim üçün çox ağırdır. Hər birinizi gözümün qabağında böyüyən, dəyişən, güclənən övladım kimi görmüşəm. Sizə yalnız uğur deyil, mənəviyyat, dürüstlük və cəsarət arzulayıram. Hara getsəniz, kim olsanız, insan qalın. Bu mənim sizə son dərsim olsun”.

Daha sonra şagirdlər illər boyu onlara dərs deyən fənn müəllimlərini səhnəyə dəvət ediblər. Müəllimlər çıxışlarında öz ürək sözlərini bildiriblər:

“Sizinlə birgə güldük, öyrəndik, inandıq, bəzən ağladıq… Amma ən əsası, bir ailə olduq. İndi siz bu ailədən uçub gedirsiniz, amma inanın, harada olsanız da, sizin iziniz bu məktəbin divarlarında, bizim qəlbimizdə qalacaq”.

Müəllimlər bildiriblər ki, bu illər ərzində onlara yalnız bilik yox, sevgi, qayğı və həyat dərsi veriblər. Onlar hər bir şagirdə bir övlad kimi yanaşdıqlarını vurğulayıblar:

“11 il uzun bir yol idi. Siz öyrəndiniz, biz sevdik. Bəzən danladıq, bəzən tərif etdik, amma həmişə sevgi ilə yanaşdıq. İndi isə sizi cəmiyyətə yola salırıq – ümidlə, inamla, sevgi ilə”.

Daha sonra söz valideynlərə verilib. Valideynlərdən Ülkər Süleymanova və Yarıyer Zaur məktəb kollektivinə təşəkkürlərini bildirərək, məktəbə simvolik hədiyyə təqdim ediblər.

Daha sonra şagirdlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatları əsasında milli musiqilər fonunda hazırlanmış rəqs və musiqili kompozisiyalarla çıxış ediblər.

Tədbirin sonunda günün qəhrəmanları – 11 “A” sinfinin şagirdləri səhnəyə çıxaraq milli rəqs və vals ifa ediblər. Məktəbin birinci sinif şagirdləri ilə birgə “vals” rəqsi nümayiş olunub. Məzunlar saçlarına gül düzüm musiqisinin sədaları altında səhnədə çıxış etdikdən sonra yallı rəqsi ilə dostluq və həmrəyliyi bir daha nümayiş etdiriblər.

Və nəhayət, “Son zəng” səslənib. Bu zəng məktəb həyatındakı son çağırış olsa da, yeni bir həyatın – uğura aparan yolun başlanğıcı oldu.

Əziz məzunlar, yolunuz açıq olsun! Hər zaman xoş soraqlarınızı eşidək!

Məsimə Məmmədova

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600