Heydər Əliyev və Qurtuluş FƏLSƏFƏSİ: Zəfərə gedən yolun BAŞLANĞICI – Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir.

Məhz belə tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür. Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı, müstəqilliyimiz faktiki olaraq kağız üzərində qalmışdı.

Bu dövrdə ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqilliyimizi təhlükə altına almışdı. Belə bir vəziyyətdə ölkəni xilas edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi.

1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin möhkəmlənməsi isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması – qurtuluş demək idi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam şəkildə təmin edildi. Artıq bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da öz sözünü deyən, təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Bütün bu nailiyyətlərin kökündə isə 15 İyunda atılan tarixi addım, xalqın və liderin birliyi dayanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600