Kiçik dövlətin böyük hərbi gücünün sirri və ya İsrail niyə belə güclüdür? - Vüqar Zifəroğlu yazır

media-hightechnic-468x90

İsrailin son illərdə regional siyasətində hücum taktikasını seçərək faktiki olaraq rəqiblərini bir-bir sıradan çıxarması, hətta bir sıra hallarda aqressiv siyasət yeritməsi və bunu qəbul etdirməsi, ilk növbədə ağla bu sualı ağla gətirməkdədir. Bu kiçik dövlətin belə böyük gücə malik olmasının səbəbləri nədir? 

Şübhəsiz ki, ABŞ kimi qlobal gücün dəstəyi və eləcə də dünyada ciddi nüfuza və təsir imkanlarına malik yəhudi lobbisi əsas səbəblərdən biridir. Lakin yeganə deyil.

Əslində İsrailin bu qədər güclü olması və xüsusilə hərbi, kəşfiyyat və texnologiya sahələrində yüksək səviyyəyə çatması bir çox faktorun və uzunmüddətli strategiyanın nəticəsidir. Bu uğurun arxasında həm daxili faktorlar, həm də xarici təhlükələrə qarşı cavab vermə məcburiyyəti, bir növ “özünümüdafiə” instikti dayanır.

İlk növbədə vurğulamaq lazımdır ki, İsrailin təhlükəsizlik sistemi ciddi inkişaf edib. “Mossad” (xarici kəşfiyyat), “Şin Bet” (daxili təhlükəsizlik) və “Aman” (hərbi kəşfiyyat) – İsrailin kəşfiyyat sistemləri yüksək koordinasiya ilə işləyir.

İsrail kəşfiyyatı yalnız müşahidəçi deyil, proaktiv və hətta aqressiv strategiyalar izləyir: düşmən liderlərin aradan qaldırılması, nüvə obyektlərinə hücumlar, informasiya müharibəsi və texnoloji hücumlar (Stuxnet virusu nümunəsi). İnsan (cəsus) şəbəkələri və texniki izləmə texnologiyaları sayəsində yüksək dəqiqlikli əməliyyatlar aparırlar. Və son günlərin hadisələrindən belə nəticəyə gəlmək olar ki, İran daxilində də yüksək səviyyəli agent şəbəkəsi mövcuddur.

Ümumiyyətlə, İsrailin hərbi doktrinası müdafiədən daha çox proaktiv və preventiv hücumlar üzərində qurulub. Əgər bir təhdid aşkarlanırsa, İsrail onu qabaqlamaq üçün dərhal hərəkətə keçir – bu Fələstin münaqişəsində, Livana yönəlik əməliyyatlarda, son İranın nüvə obyektlərinə hücumlarda, bütünlükdə isə İsrailin regional və bir çox hallarda aqressiv xarakterli siyasətində açıq görünür.

İsrailin regional siyasəti, ərəb-İsrail müharibələri, uzun on illərdir davam edən Fələstin problemi, 1979-cu il inqilabından sonra İran faktoru bu ölkənin hər zaman müharibəyə hazır olmaq, özünü qorumaq və təhlükəni qabaqlamaq strategiyasını əsas götürməsinə səbəb olub. Bu isə öz növbəsində cəmiyyətin və dövlət strukturlarının mobilizasiyasına, təhlükəsizlik və texnologiyaya böyük sərmayələrin ayrılmasına təkan verib.

Vurğulayaq ki, İsrail dünyada adam başına startap sayı baxımından birinci yerdədir. Hökumət, ordu və özəl sektor arasında güclü sinerji mövcuddur. Hərbi texnologiyalar tez bir zamanda mülki sahəyə transfer olunur. Məsələn, “İron Dome” (dəmir qübbə) raket müdafiə sistemi, pilotsuz uçuş aparatları (UAV), kibertəhlükəsizlik texnologiyaları bu sinerjinin nəticəsidir.

İsrail eyni zamanda yüksək texnologiyalar, mühəndislik və riyaziyyat sahələrində güclü təhsil sisteminə sahibdir. Ali məktəbləri və tədqiqat institutları (Weizmann Institute, Technion) dünya səviyyəsindədir. Əsgərlikdən sonra gənclər təhsilə və texnologiyaya yönəlir, bu da güclü elmi və iqtisadi sistem yaradır. Hərbi xidmət keçdikləri zaman isə gənclər texnologiya, analitik düşüncə və liderlik bacarıqları qazanır. Bu bacarıqlar sonradan iş dünyasında və dövlət idarəçiliyində istifadə olunur. Xüsusi bölmələrdə (8200 kəşfiyyat bölməsi kimi) çalışanlar daha sonra texnologiya və startap sektorunda aparıcı fiqurlara çevrilir.

İsrail həm də dünyanın aparıcı kibertəhlükəsizlik güclərindən biridir. Həm hücum (offensive), həm də müdafiə (defensive) kiber əməliyyatlarda uğurludur. İranın nüvə sistemlərinə qarşı istifadə olunan “Stuxnet” virusunun ABŞ ilə birlikdə İsrailin yaratdığı iddia olunur.

İsrailin gücü yalnız bir sahəyə deyil, bütün sistemin effektiv işləməsinə bağlıdır. Bu sistem yüksək texnologiyaya əsaslanır, effektiv kəşfiyyat şəbəkəsi ilə idarə olunur, beynəlxalq dəstəklə möhkəmlənir, vətəndaș cəmiyyəti, lobbi və dövlət arasında koordinasiyalı fəaliyyəti ehtiva edir.

İran daxilində son günlərdə baş verən dron hücumları, partlayışlar və sabatoj əməliyyatları göstərir ki, İsrail bu sistemin necə dəqiq və sürətli işlədiyini real vaxtda nümayiş etdirməkdədir.

Və indi ortaya belə bir sual çıxır: Yaxın Şərqin hansı müsəlman ölkəsində bütün bu sadalananlara rast gəlmək mümkündür? Və niyə rast gəlmək mümkün deyil? Cavabı üzərində düşünməyə dəyər sualdır…/Crossmedia/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600