Tarix, təcrübə və risklər: Ermənistan öhdəliklərini yerinə yetirəcək?
“Azərbaycan və Ermənistan arasında keçirilən görüş, əslində, Azərbaycanın xarici siyasətindəki böyük nailiyyətlərdən biri hesab olunur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi Prezident İlham Əliyevin Vaşinqton görüşündən sonra yerli mediaya müsahibəsində İrəvanın sözügedən sülh sazişinin imzalanması üçün atacağı addımlar barəsində səsləndirdiyi fikirləri şərh edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti də bu məqamı xatırladaraq vurğulayıb ki, imzalanmış deklarasiya sülhə gedən yolda atılmış mühüm addımdır:
“Lakin bu sənədin real nəticə verməsi üçün onun sülh müqaviləsi ilə hüquqi bağ qazanması vacibdir. Deklarasiya, öz mahiyyətinə görə, tərəflər arasında hüquqi öhdəlik yaratmadığından, onun tez bir zamanda sülh müqaviləsinə çevrilməsi zəruridir. Bunun üçün isə Ermənistanın konstitusion dəyişikliklər etməsi tələb olunur. Çünki Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyə ərazilərinə dair iddialar mövcuddur. Azərbaycanın yüksək siyasi rəhbərliyi bu məqamı dilə gətirirsə, deməli, ehtimal var ki, Ermənistan bu prosesi sabotaj edə və ya öhdəliklərdən yayınmağa çalışa bilər”.
Müsahibimiz əmindir ki, bu məsələ sülhün əldə olunması və qarşılıqlı öhdəlik yaradan sülh müqaviləsinin imzalanması üçün əsas “qırmızı xətlər”dən biridir:
“Tarix göstərir ki, ermənilər öhdəliklərin icrasında etibarlı tərəfdaş olmayıb, götürdükləri vədləri yerinə yetirməyiblər. Bu gün də Ermənistanın öhdəliklərini icra etməməsi ehtimalı real olaraq qalır. Azərbaycan tərəfi də dəfələrlə bunun altını çəkir. Çünki ermənilər danışıqlara qatılıb, razılıqlar verib, yerinə yetirəcəklərini bildiriblər, lakin əməl etməyiblər”.
Rafi Müslümov